"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin "Xalq qəzeti"ndə məqaləsi dərc olunub.
Renewables.az məqaləni təqdim edir.
Azərbaycanın elektroenergetika sistemi zəngin tarixi inkişaf yolu keçərək bu gün milli iqtisadiyyatın dayanıqlılığını, sənaye potensialını və enerji müstəqilliyini təmin edən strateji sahələrdən birinə çevrilib. XIX əsrin sonlarında Bakıda ilk elektrik enerjisi istehsalı qurğularının yaradılması ilə başlanan bu inkişaf yolu hazırda Prezident İlham Əliyevin qarşıya qoyduğu enerji siyasətinə uyğun olaraq müasir generasiya güclərinin, rəqəmsal idarəetmə texnologiyalarının, bərpa olunan enerji mənbələrinin və beynəlxalq enerji bağlantılarının genişləndirilməsi ilə yeni mərhələdə innovativ texnologiyaların tətbiqi ilə uğurla davam edir.
Müasir dövrdə enerji təhlükəsizliyi anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun daşıyır. Artıq yalnız elektrik enerjisinə olan tələbatın ödənilməsi deyil, həm də onun fasiləsiz və səmərəli istehsalı, etibarlı ötürülməsi, istehlakın çevik idarə olunması, ekoloji təsirlərin azaldılması və rəqəmsal texnologiyalar əsasında enerji sisteminin dayanıqlılığının artırılması əsas vəzifələr sırasındadır. Bu baxımdan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycanın elektroenergetika sahəsində həyata keçirilən islahatlar ənənəvi enerji potensialının qorunması ilə yanaşı, gələcəyin aşağı karbonlu və rəqəmsal enerji modelinin formalaşdırılmasına xidmət edir.
Ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin əsasında uzunmüddətli dövlət siyasəti, energetika infrastrukturunun müasirləşdirilməsi, yeni generasiya güclərinin yaradılması və milli maraqlara uyğun enerji strategiyasının ardıcıl həyata keçirilməsi dayanır.
Generasiya gücü – etibarlılıq və səmərəlilik
Enerji təhlükəsizliyinin əsas şərtlərindən biri ölkənin elektrik enerjisi istehsalı imkanlarının iqtisadiyyatın cari və perspektiv tələbatına uyğun olmasıdır. Bu baxımdan son illər həyata keçirilən layihələr Azərbaycanın generasiya potensialının genişləndirilməsində mühüm rol oynayıb.
“AzərEnerji” ASC-nin şəbəkəsində elektrik stansiyalarının ümumi qoyuluş gücü 9 395 MVt təşkil edir. 2003-cü ildən indiyədək 5400 MVt yeni generasiya gücü yaradılıb. Bunun 3000 MVt-ı son 7 ildə tamamilə yeni tikilmiş elektrik stansiyalarının hesabına təmin olunub.
Bu göstəricilər enerji istehsalı infrastrukturunun miqyasını və yenilənmə tempini əks etdirməklə yanaşı, ölkənin artan elektrik enerjisi tələbatını qarşılamaq üçün yaradılan potensialı da göstərir. Yeni generasiya obyektlərinin istifadəyə verilməsi istehsal imkanlarını artırır, enerji sisteminin etibarlılığını möhkəmləndirir və sənaye istehsalının fasiləsizliyinə şərait yaradır.
Mövcud stansiyaların texniki vəziyyətinin yaxşılaşdırılması da bu siyasətin mühüm istiqamətlərindəndir. 2019-cu ildən həyata keçirilən Reabilitasiya Proqramı çərçivəsində 1 300 MVt itirilmiş generasiya gücü bərpa edilib. Bununla yanaşı, 400 MVt gücündə “Şimal-2”, 385 MVt gücündə “Qobu” və 1 880 MVt gücündə “8 Noyabr” elektrik stansiyaları istismara verilib.
Burada əsas məsələ təkcə yeni stansiyaların tikilməsi deyil, eyni zamanda, mövcud istehsal güclərindən maksimum səmərə ilə istifadə olunmasıdır. Elektrik enerjisi istehsalının iqtisadi səmərəliliyi yanacaq sərfi, avadanlıqların texniki vəziyyəti, təmir işlərinin təşkili və istehsal proseslərinin idarə olunması ilə birbaşa bağlıdır.
Bu baxımdan xüsusi yanacaq sərfinin azaldılması mühüm göstəricidir. 2018–2025-ci illərdə elektrik enerjisinin istehsalına sərf olunan xüsusi yanacaq sərfi 284 qram/kVt/saatdan 232 qram/kVt/saata enib. Bu, 48,32 qram və ya təxminən, 17 faiz azalma deməkdir.
Belə dinamika yanacaq resurslarından daha qənaətlə istifadə olunması, istehsal proseslərinin optimallaşdırılması və elektrik enerjisinin maya dəyərinə təsir edən amillərin yaxşılaşdırılması baxımından mühüm önəm daşıyır. Bu, xüsusilə yanacaq sərfinin azaldılması, eyni zamanda, ənənəvi generasiya mənbələrinin ekoloji təsirlərinin məhdudlaşdırılması istiqamətində daha çox diqqət çəkir.
Qarşıdakı dövrdə elektrik enerjisinə tələbatın artacağı nəzərə alınaraq, yeni generasiya güclərinin yaradılması ilə yanaşı, mövcud stansiyaların etibarlılığının artırılması, avadanlıqların müasirləşdirilməsi və istehsalın rəqəmsal vasitələrlə optimallaşdırılması əsas prioritetlərdən biri olaraq qalacaq.
Qarabağ və Şərqi Zəngəzurda “təmiz” enerji
Azərbaycanın elektroenergetika strategiyasında işğaldan azad edilmiş ərazilərin enerji təminatının qurulması və yerli resurslardan səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr regionların bərpası, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və enerji infrastrukturunun formalaşdırılması ilə paralel inkişaf edir.
Bu ərazilərdə ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyasının istifadəyə verilməsi ölkənin generasiya potensialının genişləndirilməsinə mühüm töhfəsidir. Hazırda daha 8 yerdə su elektrik stansiyasının tikintisi davam etdirilir.
Su elektrik stansiyalarının əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Onlar yerli enerji resurslarından istifadə etməyə, regionların enerji təminatını gücləndirməyə və bərpa olunan enerji mənbələrinin ümumi istehsaldakı payını artırmağa imkan verir.
Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda yaradılan enerji infrastrukturu Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə də xidmət edir. Yeni yaşayış məntəqələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin və aqrar təsərrüfatların enerji təminatı regionun davamlı inkişafının vacib şərtidir.
Gələcək mərhələdə bu ərazilərdə su elektrik enerjisinin istehsal imkanlarının rəqəmsal idarəetmə sistemləri ilə uzlaşdırılması, generasiya göstəricilərinin real vaxt rejimində izlənilməsi və şəbəkəyə ötürülən enerjinin səmərəli bölüşdürülməsi daha böyük əhəmiyyət kəsb edəcək.
Müasir elektrik şəbəkəsi: enerji təhlükəsizliyinin əsas dayağı
Generasiya potensialının genişləndirilməsi elektrik enerjisinin istehlakçılara etibarlı çatdırılmasını gerçəkləşdirən ötürücü infrastrukturun da daha sürətli inkişafını tələb edir. Çünki enerji təhlükəsizliyi yalnız kifayət qədər elektrik enerjisi istehsal etmək deyil, həmin enerjini lazımi həcmdə və vaxtında istehlak məntəqələrinə çatdırmaqdan asılıdır.
Son 7 ildə 51 yarımstansiya tikilərək yenidən qurulub, ötürücü sistemin 70 faizdən çoxu yenilənib və 2 600 kilometrədək yeni elektrik verilişi xətti çəkilib. Nəticədə, şəbəkənin ümumi uzunluğu 9 665 kilometrə, ötürmə qabiliyyəti isə 21 950 MVA-ya çatıb.
Bu yeniliklər elektrik enerjisinin ölkənin müxtəlif bölgələrinə etibarlı ötürülməsinə, yeni istehlak mərkəzlərinin şəbəkəyə qoşulmasına və enerji təchizatının dayanıqlılığının artırılmasına şərait yaradır. Eyni zamanda, ötürücü şəbəkənin müasirləşdirilməsi sənaye zonalarının, yeni yaşayış məntəqələrinin və bərpa olunan enerji obyektlərinin enerji sisteminə inteqrasiyasını asanlaşdırır.
Hazırda Nəvahi enerji qovşağının yaradılması, 500 kV-luq dairəvi sxemin qurulması və əsas generasiya obyektlərinin şəbəkəyə qoşulma sxemlərinin gücləndirilməsi istiqamətində işlər aparılır. Bu layihələr elektrik enerjisinin ötürülmə imkanlarının artırılması, enerji axınlarının daha səmərəli idarə olunması və sistemin dayanıqlılığının yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Müasir enerji sistemində şəbəkənin gücü qədər onun çevikliyi də vacibdir. Ənənəvi stansiyalarla yanaşı, günəş və külək elektrik stansiyalarının sayı artdıqca, enerji axınlarının istiqaməti və həcmi daha dinamik xarakter alır. Buna görə də ötürücü şəbəkənin inkişafı yeni xətlərin çəkilməsi ilə məhdudlaşmır, həm də rəqəmsal monitorinq, avtomatik tənzimləmə və şəbəkə elementlərinin vəziyyətinin qabaqcadan qiymətləndirilməsi ilə tamamlanması diqqətdə saxlanılır. Beləliklə, müasir ötürücü infrastruktur Azərbaycanın həm daxili enerji təhlükəsizliyinin, həm də gələcək ixrac strategiyasının əsas dayaqlarından biri kimi çıxış edir.
Rəqəmsal idarəçilik
Elektroenergetika sahəsində rəqəmsallaşma artıq texniki yenilənmənin əlavə elementi deyil, enerji sisteminin təhlükəsizliyini və səmərəliliyini müəyyən edən əsas amillərdən biridir. Elektrik enerjisinə tələbatın dəyişməsi, yeni istehsal mənbələrinin şəbəkəyə qoşulması, qəza risklərinin idarə edilməsi və istehsal-istehlak balansının qorunması operativ, dəqiq və etibarlı informasiya mübadiləsini tələb edir.
Ənənəvi idarəetmə üsulları ilə müqayisədə rəqəmsal sistemlər enerji şəbəkəsinin vəziyyətini daha geniş miqyasda izləməyə, müxtəlif məntəqələrdən məlumatları vahid mərkəzdə toplamağa və mümkün problemlərə daha sürətli reaksiya verməyə imkan yaradır. Bu, xüsusilə elektrik enerjisinə tələbatın pik həddə çatdığı dövrlərdə, hava şəraitinin kəskin dəyişdiyi zamanlarda və bərpa olunan enerji istehsalının artdığı şəraitdə mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə “AzərEnerji” ASC-nin Baş İdarəetmə Kompleksinin yaradılması, müasir Mərkəzi Dispetçer İdarəetməsi və SCADA sisteminin qurulması mühüm addımlardır. SCADA/AGC, WAMS/WACS, əks-qəza avtomatikası və digər rəqəmsal texnologiyalar enerji sisteminin vəziyyətini real vaxt rejimində izləməyə, nasazlıqları vaxtında müəyyənləşdirməyə və idarəetmə qərarlarını operativ qəbul etməyə imkan verir.
Hazırda 4 700 kilometrdən artıq optik kabel şəbəkəsi və 10 regional dispetçer mərkəzi mərkəzləşdirilmiş idarəetmənin əsas infrastruktur elementlərini təşkil edir. Bu infrastruktur müxtəlif enerji obyektləri arasında məlumat mübadiləsinin sürətini və etibarlılığını artırmaqla yanaşı, sistemin ümumi idarəetmə imkanlarını da genişləndirir.
Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də enerji sisteminin statik və dinamik modellərinin hazırlanmasıdır. Bu modellər müxtəlif iş rejimlərində şəbəkənin davranışını qiymətləndirməyə, yeni generasiya obyektlərinin qoşulmasının mümkün nəticələrini əvvəlcədən təhlil etməyə və texniki qərarların daha əsaslandırılmış şəkildə qəbuluna şərait yaradır.
Ötürücü şəbəkənin onlayn diaqnostikası da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Avadanlıqların vəziyyətinin fasiləsiz izlənilməsi potensial nasazlıqların erkən aşkarlanmasına, təmir işlərinin daha düzgün planlaşdırılmasına və gözlənilməz dayanma risklərinin azaldılmasına imkan verir. Nəticədə, həm texniki itkilərin məhdudlaşdırılması, həm də enerji təchizatının etibarlılığının yüksəldilməsi üçün əlavə imkanlar yaranır.
Rəqəmsallaşmanın digər mühüm istiqaməti hava proqnozları əsasında bərpa olunan enerji istehsalının idarə olunmasıdır. Günəş elektrik stansiyalarında istehsal günəş radiasiyasından, külək stansiyalarında isə küləyin sürətindən asılı olduğuna görə istehsal həcmlərinin əvvəlcədən proqnozlaşdırılması enerji sisteminin balanslaşdırılması üçün vacibdir. Hava şəraiti barədə məlumatların istehsal və dispetçer idarəetmə sistemləri ilə uzlaşdırılması elektrik enerjisinin hansı həcmdə və hansı vaxt intervalında əldə ediləcəyini daha dəqiq qiymətləndirməyə imkan verir.
Gələcəkdə rəqəmsal idarəetmənin genişləndirilməsi enerji istehsalı və istehlakı haqqında məlumatların daha səmərəli təhlilini, proqnozlaşdırıcı texniki xidmətin inkişafını və şəbəkənin müxtəlif elementləri arasında əlaqələndirmənin gücləndirilməsini reallaşdıracaq. Bununla yanaşı, rəqəmsal sistemlərin genişlənməsi kibertəhlükəsizliyin, məlumatların qorunmasının və kritik infrastrukturun informasiya təhlükəsizliyinin gücləndirilməsini də gerçəkləşdirəcək.
Enerji sisteminin rəqəmsallaşdırılması, əslində, yalnız texnologiyaların dəyişdirilməsi deyil, idarəetmə fəlsəfəsinin yenilənməsidir. Belə bir modeldə qərarlar daha dəqiq məlumatlara, real vaxt monitorinqinə və qabaqlayıcı təhlilə əsaslanır. Bu isə Azərbaycanın elektroenergetika sisteminin artan tələbat və yeni enerji mənbələri şəraitində daha çevik fəaliyyət göstərməsi üçün mühüm zəmin yaradır.
Artan tələbatın enerji təminatı
Azərbaycan iqtisadiyyatının genişlənməsi və yeni istehsal sahələrinin formalaşması elektrik enerjisinə olan tələbatı da artırır. Bu baxımdan enerji sisteminin gələcək inkişafı təkcə mövcud göstəricilərin qiymətləndirilməsinə deyil, perspektivdə yaranacaq əlavə tələbatın əvvəlcədən müəyyənləşdirilməsinə əsaslanır. Baxmayaraq ki, hazırda kifayət həm daxili tələbat, həm də ixrac üçün kifayət qədər genirasiya gücü mövcuddur. Lakin cənab Prezident İlham Əliyevin uzaqgörən enerji siyasəti yalnız bu günə deyil, sabahlara doğru hesablanır. Ona görə də “yaşıl” enerji mənbələri ilə paralel olaraq ənənəvi enerji mənbələri də sürətlə genişləndirilir.
Qarşıdakı illərdə elektrik enerjisinə tələbatın artmasına təsir göstərəcək amillər sırasında data mərkəzləri, “Sea Breeze” layihəsi, Ələt Azad İqtisadi Zonası, mədən-metallurgiya sənayesi, yeni şəhərsalma layihələri, aqro və sənaye parkları, elektromobillik, neft-qaz sənayesi, su təsərrüfatı və meliorasiya sahələri xüsusi yer tutur.
Bu layihələr üzrə əlavə güc tələbatının, ümumilikdə, 6 200 MVt səviyyəsində qiymətləndirilməsi enerji sisteminin qarşısında duran vəzifələrin miqyasını aydın göstərir. Burada diqqətçəkən məqam həm də odur ki, yeni tələbatın bir hissəsi ənənəvi sənaye müəssisələrindən, digər hissəsi isə rəqəmsal iqtisadiyyat və müasir infrastruktur obyektlərindən formalaşacaq.
Xüsusilə data mərkəzləri rəqəmsal iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Süni intellekt, bulud xidmətləri, məlumatların emalı və saxlanması kimi istiqamətlər genişləndikcə bu mərkəzlərin elektrik enerjisinə tələbatı da artır. Belə obyektlərin fasiləsiz fəaliyyəti yüksək etibarlılığa malik enerji təchizatı, ehtiyat güclər və dayanıqlı şəbəkə infrastrukturu tələb edir.
Bu səbəbdən enerji planlaşdırılması ilə rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası arasında əlaqələndirmənin gücləndirilməsi diqqətdə saxlanılır. Yeni sənaye və texnologiya layihələrinin yerləşdirilməsi, onların şəbəkəyə qoşulma müddətləri və tələb edəcəkləri güc əvvəlcədən nəzərə alınarsa, gələcək enerji çatışmazlığı risklərinin qarşısını almaq və investisiya layihələrinin daha səmərəli reallaşdırılmasına şərait yaratmaq mümkündür.
Eyni zamanda, tələbatın artması enerji resurslarından qənaətlə istifadə məsələsini də aktuallaşdırır. Müəssisələrdə enerji səmərəliliyinin yüksəldilməsi, müasir avadanlıqların tətbiqi, istehlakın rəqəmsal monitorinqi və yükün gün ərzində daha bərabər bölüşdürülməsi yeni generasiya güclərinə olan təzyiqi müəyyən dərəcədə azaldır.
Batareya saxlanc sistemləri
Bərpa olunan enerji mənbələrinin inkişafı elektrik enerjisi sistemində yeni texniki yanaşmaların tətbiqini tələb edir. Günəş və külək stansiyalarında istehsalın hava şəraitindən asılı olması istehsal ilə istehlak arasında balansın qorunmasını daha mürəkkəb prosesə çevirir. Bu şəraitdə batareya enerji saxlanc sistemləri elektrik enerjisinin çevik idarə olunması üçün mühüm vasitədir.
2026-cı ildə Abşeron və Ağdaş rayonlarında ümumi gücü 250 MVt, enerji tutumu 500 MVt saat olan iki Batareya Enerji Saxlanc Mərkəzi yaradılıb. Nəvahi ərazisində əlavə 125 MVt gücündə sistemin tikintisinə başlanılıb. Naxçıvanda isə 2027-ci ilin əvvəlində 20 MVt gücündə batareya enerji saxlanc sisteminin şəbəkəyə qoşulması nəzərdə tutulur.
Bu layihələr elektrik enerjisinə tələbatın yüksək olduğu saatlarda əlavə balanslaşdırma imkanları yaradır. Batareyalarda toplanan enerji ehtiyac yarandıqda şəbəkəyə verilə, istehsalın yüksək olduğu və istehlakın nisbətən aşağı düşdüyü dövrlərdə isə enerji saxlanc imkanlarından istifadə olunur. Belə yanaşma xüsusilə günəş və külək elektrik stansiyalarının istehsalında baş verən dəyişikliklərin idarə edilməsinə kömək edir.
Enerji saxlanc sistemlərinin digər mühüm üstünlüyü tezliyin tənzimlənməsinə və elektrik şəbəkəsinin sabitliyinin qorunmasına dəstək verməsidir. Elektrik enerjisi sistemində istehsal və istehlak arasında tarazlığın pozulması texniki problemlər yarada bildiyindən çevik reaksiya imkanları olan saxlanc sistemləri ümumi dayanıqlılığın artırılmasına xidmət edir.
Bununla belə, batareya sistemləri ənənəvi generasiya güclərini əvəz edən texnologiya kimi deyil, mövcud enerji infrastrukturunun imkanlarını tamamlayan vasitə kimi qiymətləndirilir. Onların səmərəsi şəbəkənin vəziyyətindən, idarəetmə alqoritmlərindən, enerji saxlanc tutumundan və digər enerji mənbələri ilə əlaqələndirmənin səviyyəsindən asılıdır.
Gələcəkdə batareya sistemlərinin rəqəmsal dispetçer idarəetməsi ilə uzlaşdırılması, enerji istehlakının proqnozlaşdırılması və bərpa olunan enerji istehsalının dinamikasına uyğun işlədilməsi daha böyük əhəmiyyət qazanacaq. Belə inteqrasiya elektrik enerjisinin daha səmərəli bölüşdürülməsinə, pik yüklərin idarə olunmasına və yeni yaşıl enerji güclərinin şəbəkəyə qoşulmasının asanlaşdırılmasına imkan verəcək.
“Yaşıl” enerji: strateji hədəf
Azərbaycanın enerji siyasətində bərpa olunan enerji mənbələrinin inkişafı həm iqtisadi, həm də ekoloji baxımdan mühüm prioritetdir. Günəş və külək enerjisinin istehsalının genişləndirilməsi enerji mənbələrinin şaxələndirilməsinə, təbii resurslardan daha səmərəli istifadəyə, karbon emissiyalarının məhdudlaşdırılmasına və ölkənin beynəlxalq “yaşıl” enerji bazarlarında iştirak imkanlarının artırılmasına şərait yaradır.
Bu istiqamətdə əsas məqsəd ənənəvi enerji potensialını qorumaqla yanaşı, günəş, külək və su enerjisinin imkanlarını daha geniş miqyasda reallaşdırmaqdır. Belə yanaşma Azərbaycanın enerji sistemində müxtəlif mənbələr arasında tarazlığı möhkəmləndirir və uzunmüddətli perspektivdə enerji təhlükəsizliyinin daha dayanıqlı modelinin formalaşmasına kömək edir.
Bərpa olunan enerji layihələrinin həyata keçirilməsində beynəlxalq investorların iştirakı da xüsusi əhəmiyyət daşıyır. Xarici şirkətlərin maliyyə və texnoloji imkanlarının cəlb olunması yeni generasiya obyektlərinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə və Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən isə 240 MVt gücündə “Xızı – Abşeron” Külək Elektrik Stansiyası və 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası istismara verilib və enerji sisteminə qoşulub.
Bu stansiyalar Azərbaycanın bərpa olunan enerji potensialının praktiki reallaşdırılmasında mühüm mərhələdir. Layihələr günəş və külək enerjisinin istehsal imkanlarını genişləndirməklə yanaşı, bu sahədə beynəlxalq tərəfdaşlıq üçün də əlavə imkanlar yaradır.
Yeni layihələr də “yaşıl” enerji istehsalının genişləndirilməsinə xidmət edir. bp şirkətinin Cəbrayıl rayonunda həyata keçirdiyi 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, eləcə də “Nobel Energy” şirkətinin həmin rayonda 50+50 MVt gücündə günəş elektrik stansiyaları ilə bağlı enerji sisteminə inteqrasiya işləri həyata keçirilir və davam etdirilir.
Bu layihələrin əhəmiyyəti yeni generasiya güclərinin yaradılması ilə məhdudlaşmır. Günəş elektrik stansiyalarının yerləşdiyi ərazilərdə istehsal olunan enerjinin mövcud şəbəkəyə ötürülməsi, enerji axınlarının idarə edilməsi və dəyişkən istehsal şəraitində sistemin sabitliyinin qorunması üçün əlavə texniki imkanların yaradılması tələb olunur.
Bu baxımdan 1000 MVt ötürmə gücü nəzərdə tutulan AZURE layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə çərçivəsində yaradılan ötürmə imkanları yeni enerji güclərinin sistemə inteqrasiyası və elektrik enerjisinin etibarlı ötürülməsi üçün vacib infrastruktur təminatı kimi çıxış edir.
2028-ci ilədək 1850 MVt bərpa olunan enerji gücünün yaradılması nəzərdə tutulur. Mövcud stansiyalarla birlikdə günəş və külək enerjisinin ümumi gücünün həmin dövrədək 2100–2 150 MVt-a çatacağı gözlənilir. Hazırda enerji sisteminə qoşulmuş bərpa olunan enerji gücü 720 MVt təşkil edir.
Bu hədəflər “yaşıl” enerjinin Azərbaycanın elektrik enerjisi balansında rolunun artacağını göstərir. Bununla belə, bərpa olunan enerji güclərinin genişləndirilməsi istehsalın dəyişkən xarakteri ilə əlaqədar texniki məsələlərin də qabaqcadan həllini tələb edir. Günəşli saatların sayı, küləyin sürəti və hava şəraitindəki dəyişikliklər istehsal həcminə birbaşa təsir etdiyindən bu mənbələrin ənənəvi generasiya obyektləri ilə uzlaşdırılması vacibdir.
Burada rəqəmsallaşma, enerji saxlanc sistemləri və müasir ötürücü şəbəkə bir-birini tamamlayan üç əsas istiqamət kimi çıxış edir. Rəqəmsal proqnozlaşdırma istehsal həcmlərini əvvəlcədən müəyyənləşdirməyə, batareyalar enerji balansını qorumağa, gücləndirilmiş şəbəkə isə istehsal olunan enerjini istehlakçılara və ixrac istiqamətlərinə etibarlı çatdırmağa imkan verir.
Başqa sözlə, “yaşıl” enerji keçidi təkcə yeni günəş və külək stansiyalarının tikintisi ilə ölçülmür. Bu keçidin uğuru istehsal, ötürmə, saxlanc və idarəetmə sistemlərinin vahid mexanizm şəklində fəaliyyət göstərməsindən asılıdır.
“Yaşıl” enerji ixracı
Cənab Prezident İlham Əliyevin enerji siyasətində strateji istiqamətlərdən biri ölkənin regional enerji habı kimi mövqeyinin möhkəmləndirilməsidir. Ənənəvi enerji resurslarının beynəlxalq bazarlara çatdırılması sahəsində formalaşmış təcrübə elektrik enerjisi və xüsusilə “yaşıl” enerji ixracının inkişafı üçün də əhəmiyyətli imkanlar yaradır.
Bu istiqamətdə daxili tələbatın etibarlı təmin edilməsi ilə yanaşı, elektrik enerjisinin beynəlxalq bazarlara ötürülməsinə imkan verən infrastrukturun yaradılması, qonşu ölkələrin enerji sistemləri ilə texniki uzlaşmanın təmin olunması və uzunmüddətli kommersiya mexanizmlərinin formalaşdırılması vacibdir.
Azərbaycan – Gürcüstan – Rumıniya – Macarıstan enerji dəhlizi bu baxımdan diqqətçəkən layihələrdəndir. Layihə üzrə 3 mərhələnin həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ üzrə ötürmə gücünün 1 300 MVt olması planlaşdırılır. Birinci mərhələnin 2032-ci ildə, sonrakı mərhələlərin isə 2036 və 2040-cı illərdə reallaşdırılması nəzərdə tutulur.
Bu təşəbbüs Azərbaycanın elektrik enerjisi istehsalı imkanlarının daha geniş bazarlara çıxarılması, Avropa ilə enerji əlaqələrinin gücləndirilməsi və bərpa olunan enerji mənbələrindən əldə olunan enerjinin ixrac potensialının artırılması baxımından əhəmiyyətlidir. Layihənin mərhələli şəkildə həyata keçirilməsi isə ötürücü infrastrukturun, texniki imkanların və enerji bazarları arasında əlaqələndirmənin ardıcıl inkişafını nəzərdə tutur.
Azərbaycan – Türkiyə – Avropa, Azərbaycan – Qazaxıstan – Özbəkistan və Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan istiqamətləri də gələcək enerji əməkdaşlığının genişləndirilməsi baxımından perspektivli layihələr sırasındadır. Bu bağlantıların inkişafı regional enerji sistemləri arasında qarşılıqlı dəstəyi gücləndirə, ixrac istiqamətlərini şaxələndirə və yeni investisiyaların cəlb olunmasına şərait yarada bilər. Bununla yanaşı, layihələrin uğuru texniki standartların uzlaşdırılması, ötürücü infrastrukturun inkişafı, enerji axınlarının koordinasiyası və kommersiya şərtlərinin razılaşdırılması kimi amillərdən asılıdır.
“Yaşıl” enerjinin ixracı Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında yeni keyfiyyət mərhələsi yarada bilər. Əgər ənənəvi enerji resurslarının ixracı uzun müddət ölkənin beynəlxalq enerji bazarlarındakı rolunu müəyyən edibsə, gələcəkdə bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisi də bu mövqeyin möhkəmləndirilməsinə töhfə verə bilər.
Belə bir modelin formalaşması üçün isə enerji sisteminin bütün elementləri – generasiya gücləri, ötürücü xətlər, enerji saxlanc sistemləri və rəqəmsal idarəetmə vahid strategiya əsasında inkişaf etdirilməlidir. Bu, həm daxili enerji təhlükəsizliyinin qorunmasına, həm də Azərbaycanın regional enerji bazarlarında daha fəal iştirakına xidmət edəcək.
Enerji təhlükəsizliyinin yeni mərhələsi
Müasir dövrdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ənənəvi generasiya güclərinin artırılması ilə yanaşı, enerji sisteminin çevikliyinin, rəqəmsal idarəetmə imkanlarının və bərpa olunan enerji mənbələrinin inteqrasiya səviyyəsinin yüksəldilməsini tələb edir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri artan elektrik enerjisi tələbatını qabaqlayıcı planlaşdırma əsasında qarşılamaqdır. Bu məqsədlə generasiya və ötürücü infrastrukturun etibarlılığının qorunması, yeni enerji saxlanc sistemlərinin yaradılması, istehsalın səmərəliliyinin artırılması və rəqəmsal texnologiyaların daha geniş tətbiqi mühüm əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyinin digər mühüm istiqaməti mövcud resurslardan qənaətlə istifadə olunmasıdır. Elektrik enerjisinin istehsalı və ötürülməsi zamanı itkilərin azaldılması, avadanlıqların texniki vəziyyətinin yaxşılaşdırılması, istehlakın daha dəqiq proqnozlaşdırılması və müəssisələrdə enerji səmərəliliyinin yüksəldilməsi ümumi sistemin iqtisadi göstəricilərinə müsbət təsir göstərə bilər.
Rəqəmsal transformasiya bu vəzifələrin yerinə yetirilməsinə yeni imkanlar açır. Real vaxt rejimində monitorinq, avtomatik idarəetmə, proqnozlaşdırıcı təhlil və müxtəlif enerji mənbələri arasında əlaqələndirmə sistemin daha çevik fəaliyyətini təmin edir. Eyni zamanda, rəqəmsal infrastrukturun kibertəhlükəsizliyinin gücləndirilməsi və texnoloji sistemlərin etibarlı qorunması enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilir.
“Yaşıl” enerji istehsalının genişləndirilməsi də bu ümumi strategiyanın mühüm komponentidir. Günəş, külək və su elektrik stansiyalarının potensialından istifadə olunması enerji mənbələrinin şaxələndirilməsinə, aşağı karbonlu inkişaf modelinin möhkəmləndirilməsinə və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə xidmət edir. Lakin bu potensialın tam reallaşdırılması üçün yeni stansiyaların tikintisi ilə yanaşı, ötürücü şəbəkənin, enerji saxlanc sistemlərinin və rəqəmsal idarəetmə mexanizmlərinin inkişafı da davam etdirilməlidir.
Azərbaycanın elektroenergetika sahəsində əldə etdiyi nəticələr göstərir ki, ölkənin enerji siyasəti artıq yalnız mövcud tələbatın ödənilməsi ilə məhdudlaşmır. Qarşıya qoyulan hədəflər gələcək iqtisadi artımın enerji təminatını, rəqəmsal iqtisadiyyatın inkişafını, bərpa olunan enerji mənbələrinin genişləndirilməsini və regional ixrac imkanlarının artırılmasını əhatə edir.
Bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü enerji siyasətinin, elektroenergetika infrastrukturunun müasirləşdirilməsinə göstərilən diqqətin və energetiklərin peşəkar əməyinin nəticəsidir. Əldə olunan nailiyyətlər ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm zəmin yaratmaqla yanaşı, Azərbaycanın gələcəkdə “yaşıl” enerji istehsalçısı və regional enerji habı kimi mövqeyinin gücləndirilməsi üçün də geniş imkanlar açır.
Azərbaycan energetiklərinin qarşısında duran başlıca vəzifə bu potensialı daha da inkişaf etdirmək, yeni texnologiyaları ardıcıl tətbiq etmək, enerji sisteminin etibarlılığını qorumaq və dövlətin strateji hədəflərinin reallaşdırılmasına töhfə verməkdir. Ənənəvi enerji təcrübəsinin müasir rəqəmsal həllər və “yaşıl” texnologiyalarla birləşdirilməsi ölkənin elektroenergetika sisteminin gələcək inkişafının əsas istiqamətlərindən biri olacaq.
PDF variantı: https://xalqqazeti.az/uploads/pdf-files/269930/xalqqazeti-20.10.2026.pdf