Elektrikli avtomobil batareyalarının enerji saxlama sistemlərində tətbiqi mümkündürmü? – MƏQALƏ

AZƏRBAYCAN
ENERJİ SAXLANC SİSTEMİ

image

YAŞIL NƏQLİYYATIN GÖRÜNMƏYƏN TƏRƏFİ: 2030-cu İLƏ DOĞRU AZƏRBAYCANDA ELEKTROMOBİL BATAREYALARI PROBLEMƏ ÇEVRİLƏCƏK, YOXSA FÜRSƏTƏ?

Məqalədə ölkəmizdə sürətlə artan elektromobil parkının 2030-cu ilə qədər formalaşdıracağı batareya axınının iqtisadi, ekoloji və enerji təhlükəsizliyi baxımından mümkün təsirləri təhlil olunur. Eyni zamanda, elektromobil batareyalarının "ikinci həyat" konsepsiyası çərçivəsində enerji saxlama sistemlərində istifadəsi ilə bağlı konkret təkliflər irəli sürülür. Məqalə geniş ictimaiyyət, iqtisadi auditoriya və nəqliyyat sahəsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Müəllif: Fuad Mirzəyev, Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent


Son illər Azərbaycanda “yaşıl” nəqliyyatın inkişafı sadəcə texnoloji yenilik deyil, dövlət siyasətinin və iqtisadi transformasiyanın prioritetlərindən birinə çevrilib. Hazırda ölkəmizdə elektrik və hibrid mühərrikli avtomobillərin idxalı sürətlə artır, şəhər nəqliyyatında elektrikləşmə genişlənir, alternativ enerji layihələri paralel şəkildə inkişaf edir. 2025-ci ildə COP29-un Bakıda keçirilməsi isə Azərbaycanın yaşıl gündəliyini beynəlxalq səviyyədə daha da ön plana çıxardı.

Lakin “yaşıl” nəqliyyatın gizli bir tərəfi var ki, çox vaxt ictimaiyyətin diqqətindən kənarda qalır: elektromobillərin batareyaları.

Bu batareyalar bu gün ekoloji modernləşmənin simvoludur, amma sabah düzgün idarə olunmadığı təqdirdə, ciddi ekoloji və iqtisadi problemə çevrilə bilər.

Elektrik mühərrikli avtomobillərin əsas texnoloji dayağı və enerji mənbəyi litium-ion batareyalardır. Bu batareyaların orta istismar müddəti adətən təxminən 7-10 ildir. Bu isə o deməkdir ki, Azərbaycanda 2020-ci illərin əvvəlindən idxal olunan elektromobillərin batareyaları artıq 2025-2028-ci illərdən etibarən tədricən istismar müddətinin sonuna yaxınlaşacaq. 2030-a doğru isə bu proses daha da sürətlənəcək.

Rəsmi statistik göstəricilərə əsasən, son illərdə ölkəyə minlərlə elektrik və on minlərlə hibrid mühərrikli avtomobil gətirilib. Hesablamalar göstərir ki, təkcə 2020-2024-cü illərdə idxal edilən tam elektrik mühərrikli avtomobillərin batareya potensialı gələcəkdə təxminən 378 MWh həcmində “end-of-life” (istismar müddəti bitmiş) batareya axını formalaşdıracaq.

Sadə dillə desək, bu, çox böyük enerji tutumudur. Bu həcm düzgün idarə olunarsa, ölkənin enerji sisteminə əlavə dəstək verə bilər. Amma nəzarətsiz buraxılarsa, “yaşıl nəqliyyat” ideyasının özü ekoloji riskə çevrilə bilər. Bu kontekstdə sual yaranır: bəs bu batareyaların taleyi necə olacaq?

Elektromobil batareyası adi tullantı deyil. Onun tərkibində litium, nikel, kobalt kimi qiymətli materiallarla yanaşı, zəhərli kimyəvi birləşmələr də mövcuddur. Bu batareyalar düzgün saxlanılmadıqda və ya qeyri-rəsmi tullantı sahələrinə atıldıqda bir neçə ciddi risk ortaya çıxır:

  • torpaq və su ehtiyatlarının çirklənməsi;
  • zəhərli maddələrin atmosferə yayılması;
  • yanğın və partlayış riski;
  • insan sağlamlığına uzunmüddətli mənfi təsirlər;
  • qiymətli xammalın tam itirilməsi.

Yəni söhbət təkcə ətraf mühitdən getmir. Bu həm də iqtisadi təhlükəsizlik məsələsidir. Əgər sistemli idarəetmə mexanizmi formalaşdırılmasa, yaşıl nəqliyyatın özü ekoloji yükə çevrilə bilər. Çünki litium və batareyaların tərkibində olan digər nadir metallar artıq qlobal bazarda strateji resurs hesab edilir.

Beynəlxalq təcrübə və elmi tədqiqatlar göstərir ki, elektromobil batareyalarının istismar müddəti bitdikdən sonra onların növbəti dövr üçün “taleyinə” əsasən üç yanaşma mövcuddur:

1. Nəzarətsiz utilizasiya (ən pis ssenari)

Bu ssenaridə batareyalar ya tullantı poliqonlarına düşür, ya da qeyri-rəsmi şəkildə “it-bat olur”. Belə hallarda cəmiyyət üçün görünməyən, amma reallıqda olduqca böyük zərər yaranır.

Elmi modelləşdirmələr göstərir ki, bu ssenaridə ictimai və ekoloji zərər dəyəri təxminən 0.150 ABŞ dolları/kWh səviyyəsinə çatır. Bu o deməkdir ki, ətraf mühitin çirklənməsi, səhiyyə yükü, yanğın təhlükəsi və digər zərərlər bir növ “gizli vergi” kimi dövlətin və cəmiyyətin üzərinə düşür. Ən təhlükəlisi isə odur ki, bu proses nəzarətsiz olduqda, problemlər yalnız illər sonra özünü göstərir.

2. Birbaşa təkrar emal (utilizasiya)

Bu ssenaridə batareyalar lisenziyalı emal müəssisələrinə göndərilir, onların tərkibindəki materiallar bir-birindən ayrılır və yenidən istehsal dövriyyəsinə qaytarılır. Təkrar emal əlbəttə ki, vacibdir. Çünki strateji metalların bərpası qlobal resurs böhranını yumşaldır. Amma bu yolun da öz çətinlikləri var:

  • təkrar emal texnologiyaları bahalıdır;
  • logistika xərcləri yüksəkdir;
  • enerji sərfiyyatı böyükdür;
  • bəzi hallarda iqtisadi baxımdan səmərəsizdir.

Təhlillər göstərir ki, təkrar emal ssenarisi nəzarətsiz utilizasiya ilə müqayisədə ictimai və ekoloji zərəri xeyli azaldır və bu göstərici təxminən 0.064 ABŞ dolları/kWh səviyyəsinə düşür. Bu, ciddi irəliləyişdir hesab edilə bilər. Amma burada başqa sual ortaya çıxır: əgər batareya hələ işə yararlıdırsa niyə onu tam “öldürək”?

3. “İkinci həyat” - ən perspektivli ssenari

Süni intellektin inkişaf etdiyi, data mərkəzlərinə tələbin sürətlə artdığı bir zamanda enerji istehsalına artan tələb fonunda ölkəmiz üçün ən maraqlı və ən uyğun yanaşma məhz bu ssenari ola bilər: zəifləyən və elektromobil üçün artıq yararsız hala gələn batareya hələ də stasionar enerji saxlama sistemi kimi istifadə oluna bilər. Çünki batareyanın performansı müəyyən həddən aşağı düşən zaman (əsasən 70% səviyyəsinə), sürüş məsafəsi azalır və bu batareya artıq elektromobil üçün yararsız hala gəlir. Lakin araşdırmalar onu deməyə əsas verir ki, həmin batareya günəş enerjisi ilə işləyən stasionar sistemlərdə və ya ehtiyat enerji mənbəyi kimi daha bir neçə il rahat işləyə bilər.

Bu yanaşmanın üstünlükləri çoxdur:

  • stasionar sistemlər üçün yeni batareya istehsalına ehtiyac azalır;
  • enerjinin saxlanması daha ucuz başa gəlir;
  • tullantı riski “təxirə salınır”.

Araşdırmalar göstərir ki, “ikinci həyat” batareyaları ilə enerji saxlamanın maya dəyəri 0.11-0.17 ABŞ dolları/kWh aralığında dəyişir. Bu isə yeni batareyalarla qurulan sistemlərlə müqayisədə kifayət qədər rəqabətlidir. Ən önəmlisi isə budur: bu ssenari ictimai zərəri təxminən 66% azaldır və ekoloji riskləri minimuma endirir.

COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün təkcə diplomatik uğur deyil. Bu, həm də ölkə iqtisadiyyatının yaşıl istiqamətdə yenilənməsi üçün real “pəncərə”dir. Elektromobillərin sayı artdıqca, enerji saxlanması məsələsi daha da aktuallaşacaq. Xüsusilə günəş və külək enerjisinin energetika sistemində olan payı yüksəldikcə, sistemdə balans yaratmaq üçün enerji saxlama texnologiyaları əsas şərtə çevrilir. Bu zaman “ikinci həyat” batareyaları Azərbaycanın üçün faktiki olaraq hazır resurs ola bilər. Başqa sözlə desək, bu gün ölkə yollarında istismar edilən elektromobillər sabah ölkənin enerji sisteminə dəstək verən mini enerji banklarına çevrilə bilər.

2030-cu il uzaqlarda deyil. Ona görə də elektromobil batareyalarının idarə olunması üzrə əməli addımlar indidən atılmalıdır. Azərbaycanın elektromobil batareyaları ilə bağlı gələcək riskləri minimuma endirməsi və eyni zamanda bu sahəni iqtisadi fürsətə çevirməsi üçün ilk növbədə dövlət səviyyəsində vahid yanaşma formalaşdırılmalıdır. Bunun üçün elektromobil batareyalarının “ikinci həyat” mərhələsini stimullaşdıracaq proqramın hazırlanması zəruridir. Bu proqram batareyaların sistemli şəkildə toplanması, onların texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsiz saxlanma və daşınma qaydalarının müəyyənləşdirilməsi, həmçinin bu batareyaların stasionar enerji saxlama sistemlərində istifadəsini tənzimləyən mexanizmləri əhatə etməlidir. Bu cür proqram yalnız ekoloji təhlükəsizlik baxımından deyil, eyni zamanda enerji sisteminin dayanıqlığı və yeni sənaye istiqamətlərinin formalaşması üçün strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, prosesin səmərəli olması üçün yalnız dövlət resursları kifayət etməyə bilər. Daha real və nəticəyönümlü yanaşma dövlət-özəl tərəfdaşlığı çərçivəsində batareya diaqnostika və yenidən konfiqurasiya mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlər elektromobil batareyalarının yararlılıq səviyyəsini ölçmək, yararlı modulları bərpa etmək, batareya idarəetmə sistemlərini yeniləmək və təhlükəsizlik sertifikatlaşdırmasını təmin etmək kimi əsas funksiyaları yerinə yetirə bilər. Belə yanaşma ölkədə yeni texnoloji xidmət bazarının yaranmasına, ixtisaslı iş yerlərinin açılmasına və ümumilikdə yaşıl sənaye ekosisteminin yeni klasterinin formalaşmasına imkan verəcək.

Digər vacib məsələ batareyaların qeyri-rəsmi bazara düşməsinin və “kölgə dövriyyəsinin” qarşısının alınmasıdır. Bu məqsədlə rəqəmsal izləmə mexanizmi, yəni “battery passport” sistemi tətbiq edilməlidir. Hər bir batareya idxal mərhələsindən başlayaraq istismar, ikinci həyat dövrü və son utilizasiyaya qədər rəqəmsal alətlər vasitəsilə izlənməlidir. Bu həm təhlükəsizlik, həm şəffaflıq, həm də gələcəkdə tullantı axınlarının düzgün planlaşdırılması baxımından mühüm həll yolu ola bilər.

Bununla yanaşı, Azərbaycanda günəş enerjisi layihələrinin genişlənməsi elektromobil batareyalarının ikinci həyat mərhələdə istifadəsi üçün praktik imkanlar yaradır. İkinci həyat batareyalarının pilot enerji saxlama sistemləri kimi günəş stansiyalarında tətbiqi həm texniki təcrübə qazandırar, həm də enerji layihələrinin iqtisadi səmərəliliyini artırar. Bu modelin tətbiqi ölkəyə enerji balanslaşdırılması sahəsində əlavə çeviklik gətirə bilər və stasionar enerji sistemləri üçün yeni batareya idxalından asılılığı qismən azalda bilər.

Nəhayət, uzunmüddətli perspektivdə təkrar emal (utilizasiya) infrastrukturu üçün mərhələli strategiya formalaşdırmaq da vacibdir. “İkinci həyat” yanaşması təkrar emalı əvəz etmir, sadəcə ölkəyə vaxt qazandırır və bu prosesə sistemli hazırlıq üçün fürsət yaradır. Bu müddətdə Azərbaycan regional emal şəbəkələrinə qoşula, gələcəkdə yerli emal müəssisələrinin yaradılması üçün iqtisadi baza formalaşdıra və texnoloji transfer imkanlarını araşdıra bilər. Beləliklə, elektromobil batareyalarının idarə olunması problemi yalnız ekoloji yük kimi deyil, eyni zamanda yeni iqtisadi sektor və strateji resurs menecmenti kimi qiymətləndirilə bilər.

Şübhəsiz ki, elektromobillər gələcəyin nəqliyyatıdır. Amma onların batareyaları həmin gələcəyin davamlı və dayanıqlı olub-olmayacağını müəyyən edir. Əgər 2030-a qədər batareyaların gələcəyinə dair sistemli və institusional həllər tətbiq olunmazsa, batareya tullantıları ekoloji və sosial riskə çevriləcək. Amma düzgün strategiya seçilərsə, bu batareyalar ölkə üçün yeni enerji resursuna, yeni iqtisadi sahəyə və yaşıl transformasiyanın real dayağına çevrilə bilər.

Ölkəmiz qlobal yaşıl gündəliyə ciddi şəkildə daxil olub. İndi isə növbəti mərhələ başlayır: yaşıl nəqliyyatın görünməyən tərəfini idarə etmək. Belə ki, gələcəyin enerjisi təkcə günəşdə və küləkdə deyil, bəzən o enerji artıq istifadə olunmuş batareyaların içində gizlənir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR