“Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiq Planının hazırlanması çərçivəsində cari ilin 26 may tarixində Bakı Ali Neft Məktəbində tələbələr üçün seminar keçirilib.
Renewables Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir ki, tədbirin açılış mərasimində BOEMDA ilə yanaşı Bakı Ali Neft Məktəbi, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO), həmçinin “DNV Energy Systems GmbH” şirkətinin nümayəndələri açılış niqi ilə çıxış ediblər.
Bakı Ali Neft Məktəbini rektoru Elmar Qasımov seminarın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür seminarlar tələbələrin yeni enerji texnologiyaları ilə yaxından tanış olması, sahə üzrə mütəxəssislərlə fikir mübadiləsi aparması və gələcəyin enerji həlləri barədə biliklərini artırması baxımından vacib rol oynayır.
Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi enerji sahəsində müasir çağırışlara uyğun kadr hazırlığını prioritet hesab edir və tələbələrin bərpa olunan enerji, dekarbonizasiya və yaşıl texnologiyalar istiqamətində bilik və bacarıqlarının artırılması üçün mühüm addımlar atır.
Rektor həmçinin əlavə edib ki, BANM-də təhsil alan tələbələr bərpa olunan enerji və innovativ texnologiyalar sahəsində müxtəlif yerli və beynəlxalq layihələrdə, müsabiqə və yarışlarda uğurla iştirak edərək mühüm nəticələr əldə edirlər.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova çıxışında COP29 Sədrliyinin enerji təşəbbüsləri çərçivəsində hidrogen və yaşıl enerji sahəsində atılmış addımlar, Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi hazırlanaraq COP29 zamanı təqdim edilməsi, həmçinin Strateji Baxış sənədində hidrogen istehsalı üzrə müxtəlif ssenarilərin təqdim olunduğu haqqında məlumat vermişdir. Eyni zamanda, layihənin ikinci mərhələsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə “DNV Energy Systems GmbH” şirkətinin məsləhətçi qismində cəlb olunması, eləcə də Tətbiqi planın həyata keçirilməsi üçün bazar idarəçiliyi, maliyyə mexanizmləri, infrastruktur tələbləri və hidrogen klasterlərinin inkişafı kimi istiqamətlərin müəyyən edildiyi vurğulanmışdır.
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) direktoru Aysel Yaqubova çıxışında bildirdi ki, Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi çərçivəsində CECECO bilik mübadiləsini, regional əməkdaşlığı və təmiz enerji təşəbbüslərinin irəlilədilməsini dəstəkləyən aktor kimi tanınıb. Sənəddə, həmçinin Təmiz Enerji Mərkəzinin əməkdaşlığın gücləndirilməsində, təmiz texnologiyaların təşviq edilməsində, o cümlədən regional səviyyədə tədqiqat və araşdırmaların dəstəklənməsindəki rolu qeyd olunub. Bu xüsusda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən yaradılmış Regional Dayanıqlı Enerji Mərkəzlərinin qlobal şəbəkəsinin bir hissəsi kimi, CECECO fərqli regionlardan dəyərli təcrübələri gətirmək, eləcə də Azərbaycan tərəfindən müəyyən edilmiş hədəflərə nail olunmasına töhfə vermək üçün UNIDO-nun Sənayedə Hidrogen üzrə Qlobal Proqramının təcrübələrindən faydalanmağa töhfə verməyə hazırdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə həyata keçirilən layihəyə cəlb olunmuş məsləhətçi şirkətin (DNV Energy Systems GmbH) ekspertlərinin iştirakı ilə təşkil olunmuş sessiyalar zamanı yaşıl hidrogen texnologiyaları, elektroliz qurğuları, layihələrin texniki-iqtisadi qiymətləndirilməsi, eləcə də hidrogen infrastrukturunda risklərin idarə olunması mövzularında məlumat verilib.
Seminar çərçivəsində beynəlxalq ekspertlər tərəfindən hidrogen istehsalı zənciri, qlobal dekarbonizasiya trendləri, bərpa olunan enerji resurslarının inteqrasiyası və milli hidrogen strategiyasının icra mərhələləri barədə geniş təqdimatlar edilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin koordinasiyası ilə təşkil olunan seminar Azərbaycanın təmiz enerji keçidi sahəsində mühüm yer tutan hidrogen iqtisadiyyatı sahəsində yerli kadr potensialının gücləndirilməsinə xidmət edir.
