Azərbaycanda sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcər rayonunun elektrik təsərrüfatı yenidən qurulur.
"Azərişıq" ASC-nin məlumatına görə, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq səhmdar cəmiyyəti 3 000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.
Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub. Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və "İstisu" mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.
Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq "İstisu" yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.
"Azərişıq" ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlər vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
