Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək.
Bunu Prezident İlham Əliyev bu gün "Gülüstan" sarayında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KSES) rəsmi açılış mərasimində bildirib.
"Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur", - dövlət başçısı qeyd edib.
