Bu gün biz innovativ metodlara və bərpaolunan enerji mənbələrindən fəal istifadəyə arxalanaraq iqtisadiyyatın əsas sektorlarını “yaşıl transformasiya”ya yönəltmək üçün səylər göstəririk.
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadə edib.
O, Türkiyənin ümumi quraşdırılmış enerji tutumunda bərpaolunan enerji mənbələrinin payının 59 faizə çatdığını diqqətə çatdırıb. “Bu göstəriciyə görə Türkiyə Avropada beşinci, dünyada isə on birinci yerdədir”, - deyən Türkiyənin dövlət başçısı Ankaranın öz təcrübəsini digər ECO ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekoloji məqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirən emissiyaları sıfıra endirmək səylərinə də çəkib.