"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə Yekun İnvestisiya Qərarının qəbulu 2029-cu ildə hədəflənir.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclasında bildirib.
İclasda Azərbaycanın Xəzər regionu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə 2029-cu ildə Yekun İnvestisiya Qərarının qəbulunun hədəfləndiyi bildirilib. Böyük Britaniyanın bu və digər yaşıl enerji bağlantısı layihələrində fəal iştirakı təşviq edilib. Britaniyanın “Xlinks” şirkətinin bu istiqamətdə əməkdaşlığa qoşulması birgə fəaliyyət üçün yeni imkan kimi qiymətləndirilib.