2022-ci ildə bərpa olunan enerji mənbələri üzrə görülən tədbirlər açıqlanıb

image

Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında ötən ildə bərpa olunan enerji mənbələri üzrə görülən tədbirlər açıqlanıb.

"Renewables.az" xəbər verir ki, 2022-ci il 13 yanvar tarixində “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir.

Təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

Bununla yanaşı 2022-ci ildə həmçinin Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi” və “Maraqlı Tərəflərlə Qarşılıqlı Əlaqə Planı” sənədi hazırlanaraq təqdim edilib. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir. 2020-ci ilin mart ayından etibarən 2 il ərzində 7 ədəd 100 m hündürlükdə ölçü-müşahidə stansiyaları qurulub, topoqrafiya və ilkin geodeziya işləri aparılıb, beynəlxalq standartlara uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi başa çatdırılıb.

Cari dövr ərzində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası ilə bağlı açıq qalan məsələlərin müzakirəsi üçün qarşı tərəflə görüşlər keçirilib. “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının 2022-ci il 15 mart tarixində təməlqoyma mərasimi keçirilib.

Bununla yanaşı 2 avqust tarixində “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Layihəsi üçün 114,2 milyon ABŞ dolları məbləğində Beynəlxalq Maliyyə İnstitutları tərəfindən kredit paketi ayrılması üçün qərar qəbul olunub. Bununla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 21,4 milyon ABŞ dolları, Abu-Dabi İnkişaf Fondu (ADFD) 50 milyon ABŞ dolları, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 21,4 milyon ABŞ dolları və Asiya İnkişaf Bankı (ADB) tərəfindən 21,4 milyon ABŞ dolları həcmində kreditin ayrılması nəzərdə tutulur.

Bundan əlavə Masdar, TAQA TRANSCO və Azərenerji arasında ölkəmizin enerji şəbəkəsinin gücləndirilməsi ilə bağlı qiymətləndirilmə işləri aparılır.

2022-ci il 2 noyabr tarixində “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

2022-ci il 4 iyun tarixində “Bakı Enerji Həftəsi”nin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb.

İmzalanmış İcra müqavilələrinin icrası çərçivəsində 6 ədəd külək enerjisi potensiallı və 3 ədəd günəş enerjisi potensiallı ərazi seçilib. Seçilmiş ərazilərə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən müvafiq rəy alınmışdır. Növbəti mərhələdə seçilmiş ərazilərin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun 6.6-cı maddəsinə əsasən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunması barədə müvafiq qərarın qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məktub ünvanlanıb. Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə seçilmiş ərazilərin bərpa olunan enerji mənbələri ərazisi kimi təsdiqlənməsi məqsədilə aidiyyəti qurumlara və İcra Hakimiyyətlərinə göstəriş verilib. Tapşırığın icrası çərçivəsində 2022-ci il 2-5 oktyabr tarixlərində Bakıya ezam edilən “Masdar” şirkətinin ekspertləri ilə birlikdə Abşeron, Qaradağ, Qobustan, Neftçala, Qax rayonları və Ələt qəsəbəsində yerləşən seçilmiş ərazilərə baxış keçirilib. Yekunda günəş enerjisi layihəsi üzrə Neftçala rayonu Bankə qəsəbəsi, Qaradağ rayonu Pirsaat qəsəbəsi və Biləsuvar rayonu, quruda külək enerjisi layihəsi üzrə Abşeron rayonu Cəngi-Qobustan, Qaradağ rayonu Daşdıdağ-Qaraheybət, Abşeron rayonu Qobustan-Babacan və Laçın rayonu üzrə müvafiq ərazilər aidiyyəti qurumlarla razılaşdırılıb.

2022-ci il 15 dekabr tarixində Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə həyata keçirilən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılan “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə işlər davam etdirilir. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır. Layihə çərçivəsində Azərbaycan ərazisində üzən günəş (PV) panellərinin inkişafı üzrə texnikiiqtisadi əsaslandırma hazırlanıb, Coğrafi Məlumat Sisteminə (GIS) əsaslanan metodologiya tətbiq edilməklə su hövzələrinin məlumat bazası yaradılıb.

Bununla yanaşı hazırda layihənin digər komponenti kimi Böyükşor gölü üzərində gücü 50 MVt-a malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslandırması hazırlanmış və qoşulma üçün texniki şərtin verilməsi məsələsi “Azərenerji” ASC ilə müzakirə olunub. Layihə çərçivəsində Böyükşor gölündə ümumi gücü 100 kVt (95 kVt suda, 5 kVt quruda) təşkil edən üzən günəş stansiyasının tikintisi həyata keçirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *