ABŞ Ticarət departamenti, habelə özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır.
Renewables.az xəbər verir ki, bunu ABŞ Ticarət katibinin Qlobal Bazarlar üzrə köməkçisi Arun Venkataraman Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu”nda çıxış edərkən bildirib. Onun sözlərinə görə, mühüm əhəmiyyət daşıyan bu forumda ABŞ şirkətləri Azərbaycanda “yaşıl enerji” sahəsinə maraqları barədə birbaşa danışacaqlar.
ABŞ-ın emissiya səviyyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiq olması barədə danışan ticarət katibinin köməkçisi bildirib: “Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə ABŞ-da ətraf mühitə atılan tullantıların səviyyəsini 2050-ci il üçün sıfıra çatdırmaq öhdəliyini götürüb. Cari administrasiya iqlim dəyişikliyi problemi ilə mübarizə üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşma tətbiq edir”.
Sonra ölkəmizdə elektrik enerjisi istehsalında mövcud vəziyyət, elektroenergetika sahəsində qonşu ölkələrlə münasibətlər, həmçinin bərpa olunan enerji potensialı, müvafiq sahədə qanunvericilik bazası, investisiya mühiti, bu sahədə görülən işlər və cari layihələrə dair təqdimatlar nümayiş etdirilib, “yaşıl hidrogen” layihələri və “təmiz enerji” texnologiyalarının enerji balansına inteqrasiyası planları ətrafında müzakirələr aparılıb.
Yaşıl Enerji Forumu Azərbaycan və ABŞ şirkətləri arasında təşkil olunan biznes görüşlərlə davam edib.
Rəylər (0):