ABŞ səfiri: "Azərbaycan günəş və külək enerjisi baxımdan böyük potensiala malikdir"

image

"Azərbaycan günəş və külək enerjisi baxımdan böyük potensiala malikdir".

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ADA Universitetində "Regional enerji təhlükəsizliyi" mövzusunda keçirilən simpoziumda bildirib.

Səfirin sözlərinə görə, bu ilin yanvar ayında Bayden Administrasiyası hakimiyyətə gələndə Prezident açıq şəkildə bildirib ki, iqlim dəyişikliyi və bərpaolunan texnologiyaların inkişafı ABŞ-ın xarici siyasətində əsas məsələlərdən olacaq: “Bu öhdəliyin bir sübutu kimi Prezident Bayden vəzifəyə başladığı ilk gündə Amerika Birləşmiş Ştatlarının yenidən iqlim dəyişikliyi ilə bağlı “Paris müqaviləsi”nə qoşulması ilə bağlı icraedici sərəncam imzaladı. ABŞ qlobal bazarda bərpaolunan enerjinin inkişafı və karbon emissiyalarının azaldılmasına sadiqdir.

ABŞ bizim G7-də olan və ondan kənar tərəfdaşlarımızla birgə dünyada bərpaolunan enerji infrastrukturu və texnologiyasının inkişafına dəstək olmağa davam edəcək. Daha da vacibi Azərbaycanda gələcəkdə Avropa bazarına hidrogen tədarükçüsü olması üçün əsas infrastruktur mövcuddur".

O deyib ki, günəş və külək enerjisi sahəsindəki yeni layihələr Azərbaycanın enerji ehtiyatlarını şaxələndirmək, iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə yaxından iştirak etmək əzmində olduğunu isbatlayır: "Enerji potensialı artdıqca Azərbaycan regionda, beynəlxalq məkanda enerji təhlükəsizliyi baxımından mühüm oyunçu kimi əhəmiyyətini daha da artıra bilər".

Diplomat xatırladıb ki, koronavirus pandemiyası enerji bazarında misilsiz fəsadlar törədərək dünya üzrə neft və qaza tələbatın azalmasına gətirib çıxarıb: “Pandemiya enerji bazarlarının şaxələndirilməsinin vacibliyini ortaya qoyaraq bərpaolunan enerji ilə bağlı texnologiyaların tətbiqini sürətləndirdi”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *