Energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı perspektivlərindən bəhs edilib.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub, bu sənədin Almaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə “yaşıl enerji” sahəsinə yönəlməsi üçün bir mesaj olduğu vurğulanıb. Azərbaycanın bərpa olunan enerji layihələri barədə məlumat verilib. Alman şirkətlərinin ölkəmizə missiyasının təşkil olunması təklif edilib və şirkətlər bərpa olunan enerji sahəsində həyata keçiriləcək layihələrdə iştiraka dəvət olunub.
Söhbət zamanı ikitərəfli əməkdaşlığa dair qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):