Almaniya Azərbaycana bərpa olunan enerji sahəsində şirkətlərin cəlb olunması üzərində çalışır

image

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində alman şirkətlərin cəlb olunması üzərində çalışır.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə müsahibəsində Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Tobias Bauman deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycana bərpa olunan enerji mənbələri məsələləri üzrə nümayəndə heyəti səfər edib.

"Ötən il Azərbaycana bərpa olunan enerji məsələləri üzrə nümayəndə heyəti səfər edib. İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyimizin proqramı var və Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı kimi perspektiv mövzular üzrə işgüzar nümayəndə heyətlərini dəstəkləyir. Bilirik ki, Azərbaycan bərpa olunan enerji sahəsində yüksək potensiala malikdir. Alman işgüzar ictimaiyyətində bu sahəyə böyük maraq olduğunu görürük. Bundan başqa, ticarət palatamız İqtisadi Dayanıqlılıq üzrə Forum təşkil edib və B2B formatında görüşlər keçirib. Şirkətlərimiz Azərbaycan bazarını, onun şəraitini və hüquqi mühitini öyrənir. Hazırda üzərində işləməkdə olduğumuz 2-3 layihə var. Bəzi məqamlar var ki, aydınlıq gətirilməlidir, qiymət buna misaldır. Azərbaycanda elektrik enerjisinin istehlakçı qiymətləri həqiqətən aşağıdır ki, bu da böyük alman investorları üçün elə də cəlbedici deyil. Hesab edirəm ki, əməkdaşlıq təşəbbüsləri orta şirkətlərdən gələ bilər. Həmçinin bu gün alman şirkətləri ilə Azərbaycan tərəfi arasında müzakirə olunan digər imkanlar da mövcuddur. Hərrac baş tutarsa, düşünürəm sövdələşmələrin alman iştirakçılarının maraqlarına cavab verən imkanları tapılacaq", - deyə o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *