Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.
"Renewables.az" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev, Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirib.
Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edib, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumunun əhəmiyyətini qeyd edib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu deyib. O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb.
Mixael Harms Almaniya şirkətlərinin bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğulayıb, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
Rəylər (0):