Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Böyük Britaniya Səfirliyi ilə Enerji Sənayeləri Şurası (EIC) tərəfindən birgə keçirilən “Baku Connect” adlı tədbirdə iştirak edib.
Renewables.az-a bu barədə AREA-dan məlumat verilib.
Bildirilir ki, Aygün Zeynalova “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları” adlı sessiyada “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji koridoru: Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Konsepsiyası” adlı təqdimatla çıxış edib. Çıxış zamanı Azərbaycanın yaşıl enerji hədəfləri, bərpa olunan enerji layihələri, xarici şirkətlərlə imzalanmış müqavilələr, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış Yaşıl Enerjinin İnkişafı və Ötürülməsinə dair Strateji Saziş çərçivəsində görülən işlər və atılmalı olan addımlar müzakirə edilib.
AREA-nın direktor müavini Kamran Hüseynov “Azərbaycan enerji keçidini necə qəbul edir” sessiya müzakirələrində çıxış edən Kamran Hüseynov ölkəmizdə enerji keçidi istiqamətində atılan addımlardan bəhs edib. Bu istiqamətdə çətinliklər və imkanlar, enerji keçidinin ənənəvi enerji sahəsinə təsirləri, dayanıqlı enerjinin inkişafında ölkənin uzunmüddətli baxışı, Azərbaycanın enerji balansının şaxələndirilməsinin enerji keçidi hədəflərinə töhfəsi və digər məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə 50-dən çox şirkətin nümayəndələri iştirak edib.
Rəylər (0):