AREA-nın direktor müavini: "Buxarest Sazişi “yaşıl enerji” dəhlizinin yaradılmasında mühüm addımdır"

image

Dekabrın 17-də Buxarestdə imzalanmış Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş mühüm əhəmiyyətə malik sənəd olmaqla, ölkəmizin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə olan münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur. 2022-ci ilin iyulun 18-də imzalanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun müddəaları nəzərə alındıqda, bu sənədin əhəmiyyəti bir daha xüsusi olaraq vurğulanmalıdır.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Aygün Zeynalova AZƏRTAC-a açıqlamasında deyib.

Aygün Zeynalova bildirib ki, imzalanan Saziş bərpaolunan enerji mənbələrindən istifadəni təşviq etmək üçün əməkdaşlığın gücləndirilməsi, “yaşıl enerji”nin tranzit ötürülməsi və təchizatı kimi məsələləri ehtiva edir: “Sazişin mühüm nəticəsi olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng külək enerjisi də daxil olmaqla bərpaolunan enerji hesabına istehsal olunacaq elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dəniz sualtı kabeli ilə Rumıniya və Macarıstana, həmçinin digər Avropa ölkələrinə ötürülməsi üçün infrastruktur imkanlarının yaradılması nəzərdə tutulur”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz töhfə olmaqla, həmçinin yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.

“Ölkəmizdə formalaşdırılan əlverişli investisiya mühitinin nəticəsi olaraq, bu gün bir çox beynəlxalq investorlar Azərbaycanda “yaşıl enerji” sahəsinə sərmayə yatırmaqda maraqlıdırlar. Qeyd etmək zəruridir ki, bir neçə gün öncə “Fortescue Future Industries” şirkəti ilə 12 heqavatadək bərpaolunan enerji, “yaşıl hidrogen” və “yaşıl ammonyak” layihələrinin araşdırılması və reallaşdırılması üzrə Çərçivə müqaviləsi imzalanıb. Xatırlatmaq istərdim ki, xarici sərmayə hesabına reallaşdırılan 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihələri üzrə hazırda işlər davam etdirilir. 240 meqavat gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar isə davam edir”, - deyə direktor müavini qeyd edib.

A.Zeynalova vurğulayıb ki, bundan əlavə, “Masdar” şirkəti ilə ilkin mərhələdə 4 heqavat, növbəti mərhələdə isə 6 heqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə edilib: “Qeyd edilən layihələr və imzalanan yeni Saziş Azərbaycanın “yaşıl enerji” üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *