"Azalternativenerji" MMC stansiyalarında təmir-sazlama işləri həyata keçirib

image

“Azalternativenerji” MMC-nin tərkibində olan günəş, külək və texniki xidmət göstərilən kiçik su elektrik stansiyalarının təmiri ilə əlaqədar olaraq 2022-ci ilin əvvəlində müvafiq Təmir Qrafiki hazırlanmış və təsdiq edilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Təsdiqlənmiş “Təmir Qrafiki”nə əsasən Qobustan Hibrid Elektrik Stansiyasında, Suraxanı Günəş Elektrik Stansiyasında, Samux Aqroenerji və Yaşayış Kompleksində, Pirallahı Günəş Elektrik Stansiyasında, Sahil Günəş Elektrik Stansiyasında və sosial obyektlərdə quraşdırılmış istilik qurğularında istismar, təftiş, təmir-bərpa və profilaktika işləri həyata keçirilib.

Enerji istehsalı və istismar şöbəsinin mütəxəssisləri ilə birgə Biləsuvar rayonunun ərazisində yerləşən Cəbrayıl rayonunun məcburi köçkünləri üçün inşa edilmiş 6 qəsəbədə, 6 məktəb və 6 uşaq bağçası kompleksinin elektrik və istilik enerjisi ilə təminatını üçün stansiyalarda təmir-sazlama işləri həyata keçirilib.

Dövr ərzində Bakıətrafı sosial obyektlərdə günəş qurğularının texniki avadanlıqlarına vizual baxış keçirilib, aşkar edilmiş qüsurlar aradan qaldırılıb.

“Azalternativenerji” MMC-nin balansındakı istismarda olan stansiyalar üzrə 2022-ci il ərzində şəbəkədən açılmaların sayı 133 dəfə olmaqla, (123 dəfə enerjisistemdə yaranan qəza səbəbindən, 3 dəfə daxili qəza səbəbindən və 7 dəfə sifariş əsasında açılma) Dispetçer Xidmətinin növbətçi heyəti tərəfindən qeydiyyata alınıb. Bütün açılmaların müddəti isə cəmi 911 saat 56 dəqiqə təşkil edib və qeydiyyatı aparılıb.

Hesabat dövrü ərzində MMC-nin əməkdaşları Xızı-Giləzi rayonlarının “Sander-Partner” proqramı ilə hesablanmış 30 illik külək məlumatlarının işlənib hazırlanmasında iştirak ediblər. “ACWA Power” şirkətinin 240 MVt gücündə külək enerji layihəsinin ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanmasında Xızı (Sitalçay kəndi) və Pirəkəşküldə (Çaylı) ictimaiyyətlə və təşkilatlarla görüşdə yaxından iştirak ediblər.

Zəngilan və Cəbrayıl rayonlarında yerləşən günəş monitorinq stansiyalarından məlumatlar götürülüb və hal-hazırda şöbənin əməkdaşları tərəfindən hesablama işləri aparılır.

Həmçinin Ağdam və Zəngilan rayonlarında quraşdırılmış bərpa olunan enerji avadanlıqlarına texniki baxış keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *