Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qurumun Nizamnaməsinə əsasən, Şuranın tərkibi 4 regional qrup üzrə 21 üzvdən ibarət olmaqla formalaşdırılır. Azərbaycanın da yer aldığı qrupa ümumilikdə 52 ölkə daxildir və yalnız 7 ölkə - Azərbaycan, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, ABŞ və Kanada Şuraya üzv seçilib.
Qeyd edək ki, IRENA Şurası qurumun fəaliyyətinin təşkili üzrə bir sıra səlahiyyətlərə malikdir və Assambleya tərəfindən ona həvalə edilmiş funksiyaları həyata keçirir.
Qurumun məlumatına görə, Şuranın bu ilki iclası 23-24 may tarixlərində Əbu-Dabidə keçiriləcək.
Rəylər (0):