Azərbaycan bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb olunması istiqamətində də lider ölkəyə çevrilir

image

Azərbaycan bütün sahələrdə olduğu kimi, bərpaolunan enerji mənbələrinə də investisiyaların cəlb edilməsi istiqamətində lider ölkəyə çevrilir. Bizim bu sahədə əldə etdiyimiz uğurlu nəticələr artıq başqa ölkələr tərəfindən yüksək qiymətləndirilir. İndi bir çox ölkə Azərbaycanın təcrübəsini öyrənməyə maraq göstərir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev söyləyib.

Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrindən istifadə bu gün Azərbaycanın energetika sektoru qarşısında duran ən mühüm məsələlərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə çox münbit investisiya şəraiti yaranıb. Bu istiqamətdə ölkədə çox ciddi tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir.

Bunun nəticəsidir ki, Azərbaycan artıq bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələri imzalayıb. Ölkəmizdə günəş enerjisi və külək enerjisi stansiyalarının tikintisi uğurla davam etdirilir. Bir çox yeni layihələr var və onların da həyata keçirilməsi istiqamətində danışıqlar aparılır, müqavilələr imzalanır.

C.Abdullayev deyib ki, Azərbaycanın zəngin təcrübəsi region üçün də çox böyük əhəmiyyət kəsb edir. Tbilisidə keçirilən bərpaolunan enerji mənbələrinin istismarı və bu sahəyə investisiya qoyulması məsələlərinə həsr olunmuş beynəlxalq konfransda da Azərbaycanın təcrübəsindən danışılıb. Azərbaycanlı mütəxəssislərin təqdimatları çox böyük maraqla qarşılanıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb olunması istiqamətində də artıq lider ölkəyə çevrilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *