"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müəyyənləşdirilmiş “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivədə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpası və təşviq edilməsi məsələləri əksini tapıb.
"Berpaolunanenerji.az" "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatının təqdimatında bildirib.
Onun sözlərinə görə, sözügedən prioritet daxilində iki məqsədin – yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı – effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir.
"Milli Prioritetlərə uyğun olaraq ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Sənəddə növbəti orta müddətli dövrdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2021-ci ildəki 17,3 %-dən 2026-cı ildə 24 %-ə, tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 %-ə çatdırılması, o cümlədən regionlarda 10 % təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub!", - S.Bəşirli bildirib.
Nazir müavini vurğulayıb ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 % artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 %-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85 % artırılması hədəflənir.
"Xüsusilə qeyd edim ki, müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidənqurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası qarşımızda duran əsas vəzifədir. Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı 30 il ərzində davam etdirdiyi işğal nəticəsində yüzlərlə yaşayış məntəqəsi, dövlət və özəl əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb, ərazilərimiz çox böyük ekoloji fəlakətlə üz-üzə qalıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktura uyğun olaraq “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının, eləcə də “yaşıl enerji zonası” layihələrinin tətbiqi, ekoloji mühitin bərpası və sağlamlaşdırılması istiqamətində işlər davam etdirilir", - deyə S.Bəşirli əlavə edib.
Rəylər (0):