Azərbaycan və ABŞ yaşıl enerji ixracını müzakirə edib

image

Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin inkişafı, Avropaya qaz tədarükünün artırılması, “yaşıl enerji” ixracı, metan emissiyalarının azaldılmasını müzakirə edib.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafı, Avropaya qaz tədarükünün artırılması, “yaşıl enerji” ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik”, - deyə nazir bildirib.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “yaşıl enerji”nin inkişafına güclü dəstək var. Azərbaycanın COP29-a sədrliyi də məhz yaşıl enerji, iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir.

Görüşdə COP29-a ev sahibliyi dövründə Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidi,  iqlim maliyyələşməsi üzrə prosesə mümkün töhfələri, metan emissiyalarının azaldılması ilə bağlı siyasət və planlarına dair fikir mübadiləsi aparılıb. Enerji təhlükəsizliyi və iqlim hədəflərinin uzlaşdırılması məqsədilə Azərbaycan-ABŞ əməkdaşlıq dialoqunun aparılması razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *