Azərbaycan və BƏƏ bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb

image

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.

Renewables.az President.az saytına istinadən xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırıb. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirib. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanıb. “Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edilib, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *