Azərbaycan və Dünya Bankı enerji sektorunda əməkdaşlığı müzakirə edib

image

Azərbaycan və Dünya Bankı arasında enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Renewables.az xəbər verir ki, bunu qurumun enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormierlə görüşən energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, "yaşıl enerji"nin müxtəlif marşrutlarla ötürülməsi və enerji səmərəliliyi ilə bağlı çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın təbii qaz və bərpa olunan enerji sahələrinin inkişafına dair siyasətinin hazırkı vəziyyəti və planları çərçivəsində Dünya Bankı ilə əməkdaşlığın inkişafı müzakirə edilib. Xüsusilə, Dünya Bankının apardığı təhlillər əsasında qaz tədarükünə tələbat və bu sahəyə investisiya cəlbinin perspektivi, eləcə də Azərbaycanın enerji keçidi istiqamətində fəaliyyəti və elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması hədəfinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Enerji təhlükəsizliyinin təminatında sabitlik aspektində diversifikasiya layihəsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və bu xüsusda maliyyə institutları ilə əməkdaşlıq nəzərdən keçirilib. Həmçinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində Dünya Bankı ilə birgə icra edilən layihələrdən danışılıb. Bildirilib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım proqramının (AZTAF) Enerji Səmərəliliyi Komponenti üzrə Məsləhətçi Xidmətlərinin göstərilməsi”, “Azərbaycanın enerji sistemində bərpa olunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaşlıq edilir. Eyni zamanda qeyd edilib ki, 1862 MVt gücündə bərpa olunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanır.

Söhbət zamanı “Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma xətti” layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesində iştirak edən Dünya Bankı ilə “yaşıl enerji”nin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və Naxçıvan üzərindən Türkiyə-Avropa xətti ilə ötürülməsi, həmçinin digər potensial istiqamətlər üzrə də əməkdaşlıq imkanları dəyərləndirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *