Azərbaycan və İran arasında Xudafərin, Qız Qalası və Ordubad SES layihələrinin icrası müzakirə edilib

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Tehranda İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Renewables.az xəbər verirr ki, bunu Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız Qalası hidroqovsaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik", - nazir qeyd edib.

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin yaydığı məlumata əsasən, Azərbaycanın energetika naziri Pərviz Şahbazov İranda səfərdədir. 

“İranlı həmkarının dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri cənab Pərviz Şahbazov başçılıq etdiyi nümayəndə heyəti ilə birgə enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr və fikir mübadiləsi aparmaq üçün bu gün axşam Tehrana səfər edib”, – səfirlik bildirib.

Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin Birgə Texniki Komissiya və İşçi Qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar. Hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsində olmasından məmnunluq ifadə edilib, tezliklə “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Həmçinin elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezləşdirilməsinin vacibliyi vurğulanıb, prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Araz çayı üzərində 36 MVt gücündə Ordubad SES-in inşasını sürətləndirəcək tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Qısa müddətdə üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Söhbət zamanı elektrik enerjisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. Əməkdaşlıq gündəliyində olan prioritet layihələrin inkişafı istiqamətində qarşılıqlı səylərin gücləndirilməsi razılaşdırılıb.

Yekunda görüşün nəticələrinə dair mətbuat konfransı keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *