Azərbaycan və İtaliya bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə edib
Energetika Nazirliyində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və TAP AG şirkətinin icraçı direktoru Luca Schieppatinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib.
"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Nazir müavini Vannia Qava ilə iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirakı, həmçinin Məşvərət Şurası formatında əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji hədəfləri üzrə genişləndirilməsi məsələləri müzakirə edilib.
Nazir eyni zamanda bildirib ki, çoxtərəfli əməkdaşlığa əsaslanan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının budəfəki iclası ilk dəfə olaraq enerji keçidi məsələlərinə həsr olunacaq: “Bu iclas Cənub Qaz Dəhlizini qlobal çağırışlar və “karbon neytrallığı” hədəfləri ilə səsləşən layihə olaraq inkişaf etdirmək və Məşvərət Şurası çərçivəsində tərəfdaşlarımızla faydalı əməkdaşlığımızı “yaşıl enerji” sahəsində dərinləşdirmək üçün imkanlar yaradır. Təkcə dənizdə külək enerjisi sahəsinə investisiyaların cəlbi ilə ildə 400 milyon kubmetr qaza qənaət edilə və bu həcmlər ixraca yönəldilə bilər.”
Rəylər (0):