Azərbaycan yaşıl enerjiyə keçid üzrə regionda liderdir – Təhlil

image

Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir və hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.

Hökumətin iqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bunun davamı oldu.

Xatırladaq ki, ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.

Azərbaycanın gələcək yaşıl planet yolunda praktiki addımları

Azərbaycan nəinki müzakirələrə qoşulur, həm də iqlim dəyişmələri ilə mübarizə və planetin ekoloji rifahı üzrə praktiki tədbirlər görür. Onlardan bəzilərinə nəzər salaq.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması prosesində əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Artıq 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi planlaşdırılır.

Azərbaycan hökuməti bərpaolunan enerji sahəsində Yaşmada elektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyi, Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla (500 Mvt gücündə günəş elektrik stansiyasının tikintisi imkanı nəzərdən keçirilir) yanaşı, yaşıl enerji zonasına çevirməyi, Böyük Britaniyanın bp şirkətinin birbaşa xarici sərmayədar qismində çıxış etdiyi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının işə salınmasını, SOCAR-ın ölkə ərazisində müəssisələrdə təbii qazdan istifadənin azaldılması üçün elektrik kabellərinin dəniz platformalarına birləşdirilməsi üzrə layihəsini, eləcə də Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.

Bununla yanaşı, Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropa bazarına hidrogenin nəqli üzrə tədqiqatlar aparılır. Xüsusilə təbii qaz və hidrogen qarışığının TAP boru kəməri ilə nəqli üçün zəruri avadanlığın konstruksiyasına tələbatlar öyrənilir. Eyni zamanda, bp və KBR (Böyük Britaniya), “Masdar” (BƏƏ) və “Equinor” (Norveç) kimi beynəlxalq şirkətlərlə əməkdaşlıqda hidrogenin istehsalında perspektiv texnologiyalara dair diskussiyalar aparılır: söhbət dənizdəki külək turbinlərindən alınan elektrik enerjisindən istifadə etməklə dəniz suyunun elektrolizi yolu ilə yaşıl hidrogenin, eləcə də dənizdən hasil olunan təbii qazdan alınan mavi hidrogenin istehsalından gedir. Lakin qaz-hidrogen qarışığının nəqli kifayət qədər mürəkkəb texnoloji prosesdir və bir sıra istismar, həmçinin kommersiya amillərindən də asılıdır. Buna görə də SOCAR bilavasitə Avropadakı satış mənbələrindən hidrogen layihələrinə sərmayə yatırmaq imkanını alternativ variantlardan biri kimi nəzərdən keçirir.

Qeyd etmək yerinə düşər ki, beynəlxalq təşkilatların məlumatına görə, SOCAR yaxın 10 ildə dekarbonlaşmaya nail olacaq. Bu, bir çox ölkələrin dekarbonlaşma üçün müəyyən etdiyi müddətdən daha qısadır.

2030-cu ildə Azərbaycan istixana qazları tullantılarını 35 faiz (1990-cı il ilə müqayisədə), 2050-ci ilədək isə 40 faiz azaltmağı planlaşdırır.

Ölkəmizdə bərpaolunan enerji mənbələri potensialı və digər ölkələrin Azərbaycanın yaşıl enerjisinə marağı

Bütövlükdə hidrogen istehsalından, o cümlədən yaşıl, yaxud da onun müxtəlif növləri kimi prioritet istiqamətindən danışsaq, deyə bilərik ki, Xəzər regionu hidrogenin bütün növlərinin istehsal mərkəzinə çevrilmək üçün böyük imkanlara malikdir. Yeni infrastrukturun qurulması, böyük potensial, təcrübə - bütün bu amillər mühüm energetika şirkətlərinin bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağa cəlb edilməsində böyük rolunu oynayır.

Belə ki, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir.

Avropa İttifaqının Yaşıl həftəsi çərçivəsində (2023-cü il3-11 iyun) Dayanıqlı Dəyərlər Mərkəzinin keçirdiyi görüşdə “Wind Europe”un siyasət üzrə baş direktoru Pyer Tardye bildirib ki, Azərbaycan xüsusilə külək enerjisi və yaşıl hidrogen sahələrində rəqabətdə üstünlüyə malikdir.

Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq.

Yuxarıda sadalananların nəticəsi olaraq, Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr, o cümlədən ABŞ, Avstraliya maraq göstərir. Təkcə Almaniya Azərbaycanın bərpaolunan enerji mənbələrinə təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır.

Dünya ölkələri qarşısında duran çağırışlar və dünya energetika balansında gözlənilən struktur dəyişiklikləri region üçün dayanıqlı və xalis energetika gücünün artırılması, yeni enerji marşrutlarının müəyyənləşdirilməsi kimi vəzifələr irəli sürüb. Buna əsaslanaraq, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemlərinə sıx inteqrasiya edir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.

Beləliklə, Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır.

AZƏRTAC


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *