Azərbaycanda 6 külək və 3 günəş enerji potensiallı ərazilər seçilib

image

Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında imzalanmış 4 QVt-lıq İcra müqavilələrinin icrası çərçivəsində 6 ədəd külək enerjisi potensiallı və 3 ədəd günəş enerjisi potensiallı ərazi seçilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Seçilmiş ərazilərə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən müvafiq rəy alınıb. Növbəti mərhələdə seçilmiş ərazilərin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun 6.6-cı maddəsinə əsasən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunması barədə müvafiq qərarın qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məktub ünvanlanıb.

Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə seçilmiş ərazilərin bərpa olunan enerji mənbələri ərazisi kimi təsdiqlənməsi məqsədilə aidiyyəti qurumlara və İcra Hakimiyyətlərinə göstəriş verilib. Tapşırığın icrası çərçivəsində 2022-ci il 2-5 oktyabr tarixlərində Bakıya ezam edilən “Masdar” şirkətinin ekspertləri ilə birlikdə Abşeron, Qaradağ, Qobustan, Neftçala, Qax rayonları və Ələt qəsəbəsində yerləşən seçilmiş ərazilərə baxış keçirilib. Yekunda günəş enerjisi layihəsi üzrə Neftçala rayonu Bankə qəsəbəsi, Qaradağ rayonu Pirsaat qəsəbəsi və Biləsuvar rayonu, quruda külək enerjisi layihəsi üzrə Abşeron rayonu Cəngi-Qobustan, Qaradağ rayonu Daşdıdağ-Qaraheybət, Abşeron rayonu Qobustan-Babacan və Laçın rayonu üzrə müvafiq ərazilər aidiyyəti qurumlarla razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *