Azərbaycanda "yaşıl güc"lərin ümumi enerji sistemində payı 2030-cu ilədək hədəfi üstələyəcək

image

Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1 688 MVt təşkil edir ki, bu da ümumi gücün təqribən 20 %-nə bərabərdir.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.

O bildirib ki, bu göstəricinin 2030-cu ilə qədər 30 %-dək artırılması planlaşdırılır: "2027-ci ilin sonunadək 1 870 MVt həcmində "yaşıl güc"lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının götürdüyümüz hədəfdən, yəni 30 %-dən 33 %-ə çatması gözlənilir. Bu məqsədlərə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır".

Qeyd edək ki, energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA 2023 İqtisadi Forumu”nun “Enerji bağlantısı və dayanıqlı enerji sistemlərinə keçid” adlı 3-cü sessiyasında çıxış edib.

Nazir müavini çıxışında Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbir çərçivəsində enerji keçidi üzrə aparılan müzakirələrin məhsuldar olacağına inamını ifadə edib, bəşəriyyətin gələcəyi və dayanıqlı inkişaf üçün bu keçidin sürətlənməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası da daxil olmaqla ölkəmizdə qəbul olunan milli plan və strategiyalarda yaşıl enerji potensialından istifadənin inkişafına xüsusi diqqət yetirilir.

Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, həmçinin ixrac istiqamətində qarşıya qoyulan hədəflər, görülən işlər və aparılan islahatlar haqqında danışan nazir müavini enerji keçidinə özəl investisiyaların cəlbi sahəsində SPECA regionunda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *