Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl" iqlim dəyişiklikləri fonunda dayanıqlı maliyyə imkanlarının mövcudluğunu əsas prioritet olaraq müəyyənləşdirib və bununla bağlı strateji yol xəritəsi formalaşıb.
"Renewables.az" "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin Maliyyə Sabitliyi Departamentinin direktoru Rüstəm Tahirov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.
R.Tahirov bildirib ki, yol xəritəsi 4 sütun üzərində hazırlanıb:
"Bunlardan birincisi potensialın artırılması və maarifləndirmədir. Burda tək maliyyə sektorunda deyil, bir sıra başqa sektorlarda da maarifləndirmə işləri nəzərdə tutulur. İkinci sütun maliyyə axınını təmin etməkdir ki, bununla da "yaşıl iqtisadiyyat" dəstəklənsin. Üçüncü sütun iqlimlə əlaqəlidir və ətraf mühit və sosial idarəetmə faktorlarının risk idarəetməsilə əlaqələndirilməsidir. Sonuncu sütun isə bazar şəffaflığı və iqlim dəyişiklikləri ilə bağlı məsələlərin şəffaflığıdır".
AMB-nin rəsmisi qeyd edib ki, birinci sütun üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub, ikinci sütun üzrə isə əhəmiyyətli məsələ "yaşıl keçid" üçün maliyyə axınıdır: "Bunun üçün dövlət tərəfindən ayrılacaq vəsait ilə yanaşı özəl investisiyalara ehtiyac var. Burda əsas məqsəd özəl sektoru investisiya etməyə təşviq edən ekosistemin yaradılmasıdır. Mərkəzi Bankın burda rolu hüquqi və tənzimləyici çərçivəni təmin etməkdir.
Üçüncü sütun üzrə mərhələli yanaşma tətbiq edəcəyik. Birinci könüllülük yanaşması tətbiq ediləcək. Sonrakı mərhələlərdə növbəti addımlar atılacaq. Bu faktorlar imkan verəcək ki, yol xəritəsində nəzərdə tutulan inteqrasiya həyata keçsin və maliyyə institutları da "yaşıl məhsulların" həcmini genişləndirsin.
Dördüncü sütun üzrə, hazırda maliyyə sənədlərinin təqdim edilməsi ilə bağlı beynəlxalq standartlar var. Hədəfimiz bu standartların maliyyə institutlarında tətbiq edilməsidir. Bunlar maliyyə institutlarına etimadın yüksəlməsinə və dayanıqlılığın təmin edilməsinə imkan verəcək".
Rəylər (0):