Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Bu prioritetlərin tərkib hissəsi olaraq dövlətimizin başçısı İlham Əliyev noyabrın 30-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) rəsmi açılışında iştirak məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Renewables.az-ın məlumatına görə, AZƏRTAC Azərbaycanda yaşıl enerji sektorunun inkişafındakı hüquqi bazaya, bu istiqamətdə atılan praktiki addımlara və hədəflərə nəzər salıb.
Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur.
Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi oldu. Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir.
2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq "ACWA Power" şirkəti ilə 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Həmin il dekabrın 30-da Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Ötən il yanvarın 13-də isə “ACWA Power” şirkəti ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bundan başqa, 2022-ci il martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.
Ötən il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Bu, həqiqətən də çox böyük potensialdır.
Azərbaycanda iqlim dəyişmələri ilə bağlı mövcud vəziyyət
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq inkişafda olan ölkə kimi Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir Konvensiyanın Katibliyinə təqdim edir. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.
Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunur. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə bu razılaşmaya qoşulub.
Azərbaycan Prezidentinin iştirak etdiyi tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 100 minə yaxın nümayəndənin qatılacağı gözlənilir. Azərbaycanın bu qədər genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan vacibdir.
Azərbaycan ilk dəfə sözügedən tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunacaq. 254 kvadratmetrlik ərazidə qurulmuş pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı, müxtəlif yerli, regional və beynəlxalq təşkilatlarla birgə paralel görüş və seminarlarının keçirilməsi də planlaşdırılır.
Qlobal müstəvidə əhəmiyyətli maraqlı dairələrin çoxsaylı nümayəndələrinin də iştirak etdiyi COP28 tədbiri Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan da əhəmiyyətlidir. Bu xüsusda, 2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ölkəmizin işğaldan azad olunmuş ərazilərinə qiymətləndirmə missiyası həyata keçirilib. Sözügedən missiya Vətən müharibəsindən sonra Şuşa və Hadruta ilk dəfə olaraq səfər edən BMT heyəti olması baxımından da əlamətdar olub. Missiyanın nəticəsi olaraq hazırlanmış hesabat gələcəkdə bütün beynəlxalq platformalarda bizim üçün mühüm istinad sənədidir.
Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tapşırıqlarını nəzərdə alaraq, Azərbaycanın COP28 tədbiri çərçivəsinə geniş heyətlə iştirakı orada təmsil olunan nüfuzlu şirkətlərin təmsilçiləri ilə Qarabağda yüksək bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini müzakirə etmək üçün imkan yaradır.
Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Azərbaycan, həmçinin Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal işləyir. Prezident İlham Əliyevin cari il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində demişdi: “Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır”.
Azərbaycan 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı 2050-ci ilə qədər istixana qazı emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faizə qədər azaldılmasını şərtli hədəf kimi elan edib və işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər karbon neytrallığı zonası yaratmaq təşəbbüsü ilə çıxış edib.
Onu da qeyd edək ki, bu, prestij məsələsi olmaqla bərabər, dövlətlərin, onların hökumətlərinin, regional idarəedicilərin, bələdiyyələrin, özəl sektorun və sadə vətəndaşların birgə səyləri ilə mümkün olan bir əməkdaşlıq formuludur. Bütün bunlar yeni dövrümüzün reallığıdır, eyni zamanda, həm iqtisadiyyatın inkişafında yeni texnologiyaların tətbiqini, həm də təkcə özünü deyil, başqalarını da düşünən cəmiyyət üzvlərinin mədəni həyatındakı imperativlərin yaratdığı obyektiv bir mənzərədir.
Rəylər (0):