Azərbaycanla Çin bərpa olunan enerji layihələri üzrə fəal danışıqlar və məsləhətləşmələr aparır

image

"İnvestisiya sahəsində ikitərəfli əməkdaşlıq da intensivləşib, özü də bərpa olunan enerji və “yaşıl” sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib". 

Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Ma Çi deyib.

"Çin müəssisələri işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinə diqqəti cəlb etmək, investisiya və biznes mühitini yaxşılaşdırmaq üçün Azərbaycan hökumətinin qəbul etdiyi investisiya təşviqi siyasətini diqqətə alıblar. Bu müəssisələr Azərbaycan tərəfi ilə bərpa olunan enerji mənbələri, infrastruktur, tikinti materiallarının istehsalı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə konkret layihələri müzakirə etməyə hazırdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır: "Hazırda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır. Çin Bakı Enerji Həftəsində iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərməklə yanaşı, həm də Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası və Çin Beynəlxalq İdxal Sərgisi kimi platformalar vasitəsilə Çin investorlarının cəlb edilməsində Azərbaycana fəal dəstək verir". 

Ma Çi bildirib ki, Çinin “Dongfang” energetika şirkəti hazırda 230 MVt gücündə Qaradağ fotoelektrik stansiyası layihəsini həyata keçirir: "Qaradağ Azərbaycanda yeni enerji sahəsində ilk irimiqyaslı layihələrdən biridir. Bu, həm də Çin şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən bu qəbildən olan ilk irimiqyaslı layihədir. O, qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çin şirkəti bir sıra çətinlikləri aradan qaldırdıqdan sonra cəmi bir neçə ay ərzində təxminən 5 kvadrat kilometr ərazidə səhranı “tükənməz sərvət mənbəyinə” çevirib. Hazırda layihə tamamlanma mərhələsinə qədəm qoyub və yaxın gələcəkdə onun enerji şəbəkəsinə qoşulması gözlənilir ki, bu da Azərbaycanın enerji strukturunun transformasiyasında müsbət rol oynayacaq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *