Bərpa olunan enerji mənbələri əraziləri birbaşa icarəyə veriləcək – QANUNDA DƏYİŞİKLİK

image

Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Renewables.az Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadla xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, layihədə adları göstərilən qanunlara təklif edilən dəyişikliklərin uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli olduğunu deyib. Sənəddə, eyni zamanda, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi məqsədləri üçün torpaq sahələrinin əldə edilməsinin xüsusiyyətləri, müqavilələrin bağlanması şərtləri və müvafiq icra orqanlarının səlahiyyətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.

Komitə sədri bildirib ki, qanunlara ediləcək dəyişikliklərə əsasən, bələdiyyə torpaqları bu məqsədlər üçün dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsal etmək istəyən fiziki və hüquqi şəxslərin icarəsinə birbaşa, yəni müsabiqə və hərrac keçirilmədən veriləcək. Həmçinin enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyalarının tikintiyə icazə icraatı üçün tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab ediləcək və aidiyyəti üzrə dövlət orqanlarının rəyinə ehtiyac olmayacaq.

Nurlan Həsənov Hüquq siyasəti və dövlət quruculuğu, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Siyavuş Novruzov Regional məsələlər komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra təqdim olunan qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *