Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası Bakıda keçirilib.
Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, iclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin arasında ikitərəfli görüş keçirilib. İki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
İclasda hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub. Həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, Çindən, Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyətin əhəmiyyətindən danışılıb.
İclasda Hökumətlərarası Komissiyanın 18-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, media və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.
Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.
Rəylər (0):