Budapeştdə “Yaşıl beşlik” ölkələrinin 5-ci nazirlər iclasının mətbuat konfransı keçirilib

image

Macarıstanın paytaxtındakı “Groupama” stadionunun konfrans zalında "Yaşıl dəhliz"ə üzv dövlətlərin - Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın 5-ci nazirlər iclasının nümayəndə heyətlərinin başçılarının mətbuat konfransı təşkil edilib.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərlərinin çıxışlarından əvvəl bugünkü iclasın protokolunun imzalanması mərasimi keçirilib.

Daha sonra ev sahibi kimi mətbuat konfransını açıq elan edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Gürcüstan, Qara dənizin dibi, daha sonra Bolqarıstan və Rumıniya ərazisindən "yaşıl" enerjinin ölkəsinə gətirilməsi layihəsinin icra edilməsində hazırkı müzakirələrin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu layihənin qeyri-adiliyi həm də ondan ibarətdir ki, dənizin dibi ilə təxminən 1100 kilometr uzunluğunda kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə öz növbəsində ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, təkcə bu il Azərbaycanın dövlət başçısı Macarıstana iki dəfə səfər edib və tezliklə Baş nazir Viktor Orbanın Bakıya səfəri gözlənilir. “Biz həmişə Avropa İttifaqının bütün sahələrdə, xüsusən də enerji resurslarının tədarük edilməsində etibarlı tərəfdaşı olmuşuq və olmaqda davam edirik", - deyə nazir qeyd edib.

Gürcüstan Baş nazirinin müavini və ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili transsərhəd əməkdaşlığının vacibliyini vurğulayıb, ölkəsinin enerji mənbələri sahəsində böyük potensialını qeyd edib, xüsusilə çox sayda çayların olduğunu vurğulayıb. O, tezliklə Avropa İttifaqının Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusu verəcəyinə ümidvar olduğunu bildirib.

Rumıniyanın energetika naziri Sebastyan Burduja çıxışında özəl sektorun enerji layihələrinə cəlb edilməsinin vacibliyini vurğulayıb, Bolqarıstanın energetika nazirinin müavini İva Petrova isə qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına əminliyini ifadə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *