X Qlobal Bakı Forumunda müzakirə olunan mühüm məsələlərdən biri təmiz enerji mənbələrinə keçid idi. Bu, Azərbaycanın 2030-cu ilə qədər olan dövr üçün strategiyasının sütunlarından biridir.
“Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Bakı Forumundakı çıxışında vurğulayıb.
Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Bakinski raboçi” qəzetinə eksklüziv müsahibəsində bərpa olunan enerji mənbələri sahəsindəki hazırkı vəziyyətindən bəhs edib.
"Renewables.az" müsahibəni təqdim edir.
- Son 10 ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payı çox dəyişməyib. Belə ki, bu göstərici 2022-ci ildə cəmi 6,7% təşkil edib. Bu zaman həm də su elektrik stansiyaları ilə bağlı rəqəmlər də nəzərə alınır. Amma külək və günəş elektrik enerjisinin payı 2%-i belə ötməyib. Ölkəmizdə bərpa olunan enerji sahəsi, xüsusən də külək və günəş elektrik stansiyalarının inkişafı niyə belə ləng gedir?
- Birincisi, uzun müddət ərzində bərpa olunan enerji mənbələri adi istilik elektrik stansiyaları ilə müqayisədə rəqabətqabiliyyətli deyildi. Bu istiqamətdə sürətli artım istehsal xərcləri azaldan yeni, daha ucuz materiallar, həmçinin yeni texnologiyalar sayəsində günəş və külək elektrik stansiyaları üçün avadanlıqların qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsindən sonra başlayıb. Yalnız bundan sonra bərpa olunan enerji mənbələri daha rəqabətədavamlı olub.
İkincisi, xarici investorlar nəyə sərmayə qoyacaqlarını, hansı şərtlərlə və sonda nə qədər gəlir əldə edəcəklərini aydın başa düşmələri üçün yeni aydın qanunvericilik bazası yaratmaq lazım idi. Azərbaycanda xarici investisiyalar üçün münbit zəmin yaradılması ölkəmizdə bərpa olunan enerji sahəsində inkişafa səbəb olub. Nəticədə bərpa olunan enerjidən elektrik enerjisi istehsalı ildən-ilə artacaq. Əminəm ki, yaxın perspektivdə respublikada bərpa olunan enerji mənbələrinin istehsalı ilə bağlı daha ürəkaçan statistikanın şahidi olacaqsınız.
- Ötən il Azərbaycanda “Masdar” şirkəti “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES), “ACWA Power” isə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşasına başlayıb. Bəs bu stansiyaların tikinti prosesində irəliləyiş varmı?
- Tikinti işləri sürətlə gedir və ümid edirik ki, bu ilin sonuna qədər “Qaradağ” GES istifadəyə veriləcək və ilk elektrik enerjisini əldə edə biləcəyik. Yeri gəlmişkən, artıq bu stansiyaya elektrik xətləri də çəkilib. Tezliklə günəş panellərinin gətiriləcəyi gözlənilir və yayda isə onların quraşdırılmasına başlanılacaq.
Külək elektrik stansiyasına gəlincə, bu məsələdə Ukraynadakı müharibə ilə bağlı bəzi logistik problemlər var. Bu müharibə daşıma qiymətlərinin artmasına təsir edib. Buna baxmayaraq, bu istiqamətdə işlər davam edir və artıq avqustda ilk külək turbinlərinin gətirilməsini gözləyirik.
- Son dövrlərdə bp şirkətinin Cəbrayıl rayonunda GES inşasına dair layihəsi haqqında çox bəhs edilir. Amma adı çəkilən layihələrdən fərqli olaraq, bununla bağlı hətta icra müqaviləsi belə imzalanmayıb. Bu layihə ilə bağlı gecikmənin səbəbi nədir?
- Bu layihə elektrik stansiyasının tikintisinə dair imkanların qiymətləndirilməsi ilə başlayıb və söyləyə bilərik ki, hazırda biz qiymətləndirmə mərhələsini demək olar ki, başa çatdırırıq və növbəti mərhələyə keçirik. bp şirkəti Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşasının aparılacağı sahənin hüdudlarını dəqiqləşdirmək məqsədilə yerlərdə tədqiqat işlərinə başlayıb. Bunu etmək asan deyildi, çünki ilk öncə ərazini minalardan təmizləmək tələb olunurdu. Axı, bu ərazilər uzun müddət ərzində işğal altında idi. Paralel olaraq hüquqi qüvvəyə malik sənədlər üzərində işlər həyata keçirilir. Bir çox tərəflər bu layihənin həyata keçirilməsində maraqlıdır və o, mahiyyət etibarilə daha əvvəl imzalanmış iki müqavilə ilə müqayisədə inqilabi xarakter daşıyacaq. Yəni bu halda yeni yanaşmalar, bəzi məsələlərdə yeni anlayışlar tətbiq olunacaq.
- Azərbaycan dövlət başçısının haqqında bəhs etdiyi Naxçıvanda 500 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin icrasında irəliləyiş varmı?
- Azərbaycanda fəaliyyət göstərən bütün investorlar Naxçıvana sərmayə yatırmaqda və orada bərpa olunan elektrik enerjisi istehsalı ilə məşğul olan obyektləri inşa etməkdə maraqlıdırlar. Bu regionun bir sıra üstünlükləri var. Birincisi, orada günəş radiasiyasının səviyyəsi yüksəkdir. İkincisi, orada da kifayət qədər güclü küləklər əsir. Üçüncüsü, istehsal olunan elektrik enerjisi üçün alıcı axtarmağa belə ehtiyac yoxdur, çünki Türkiyə kimi böyük istehlakçı sözün əsl mənasında yaxınlıqda yerləşir.
Beləliklə, “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətlərinin nümayəndələri artıq bu regiona səfər ediblər. Onlar günəş və külək elektrik stansiyalarının tikintisi üçün həm investorlar, həm də yerli hakimiyyət orqanları tərəfindən təklif olunan torpaq sahələrinə baxış keçiriblər. Elektrik stansiyasının harada tikiləcəyi ilə bağlı artıq müəyyən fikir formalaşıb. İndi biz daha əsaslı danışıqların başlayacağı məqama yaxınlaşırıq. Hazırda Energetika Nazirliyi Naxçıvanda bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı xüsusi konsepsiya hazırlayır. Bu konsepsiyanı yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik.
- Azərbaycanda bərpa olunan enerjinin inkişafına xarici investorların cəlb edilməsi üzrə danışıqlar 2018-ci ildə başlayıb. Cəmi 4 il sonra bərpa olunan enerji ilə işləyəcək ilk 2 elektrik stansiyasının tikintisinə start verilib. Sizcə, bu templə davam etsək, ölkədə bərpa olunan enerjinin inkişafında real irəliləyişə nail olmaq üçün onilliklər lazım olmayacaqmı?
- Danışıqlara başladığımız 2018-ci ildə xarici şirkətlərlə 11 Anlaşma Memorandumu imzalanıb. Bununla tender seçimi prosesini stimullaşdırdıq və həmin şirkətlər təkliflər verdiyi üçün onlarla işləməyə başladıq. İnvestorlara açıq şəkildə bildirdik ki, heç kəs onlarla Azərbaycan Tarif Şurasının elektrik enerjisi ilə bağlı müəyyən etdiyi qiymətlərdən yuxarı səviyyədə olacaq şərtlərlə PPA müqaviləsi (elektrik enerjisinin alqı-satqısı müqaviləsi) bağlamayacaq. Bizim üçün məqbul olan təkliflərin seçilməsinin birinci mərhələsi məhz belə baş tutub. Sonrakı mərhələlərdə isə daha bir neçə şirkət “ələkdən keçirildi” və nəticədə bizim tələblərimizə tam cavab verən şirkətlər qaldı. Bunlar “Masdar” və “ACWA Power” şirkətləri idi.
Daha sonra tenderlərin qalibləri olan şirkətlərlə danışıqlar sırf hüquqi müstəviyə keçdi, çünki onlarla qanuni qüvvəyə malik müqavilələr hazırlanmağa başlandı. Bu məqamda deyə bilərəm ki, bu, bizim üçün yeni müqavilələrlə bağlı ilk təcrübə idi. Əvvəllər Azərbaycanda bütün əsas enerji müqavilələri PSA (“Production Sharing Agreement”) şərtləri əsasında imzalanıb. Bu müqavilələr Milli Məclis tərəfindən təsdiqlənib və qanun forması alıb. Beləliklə, müqaviləyə uyğun olmayan məsələlər qanuna da zidd hesab olunurdu.
Mövcud müqavilələr isə birmənalı olaraq Azərbaycanın artıq mövcud qanunvericiliyinə əsaslanır. Yəni yeni müqavilələrin qanuni qüvvəsi yoxdur və onlar yerli qanunlardan yuxarı ola bilməz. Təkcə BƏƏ və Səudiyyə Ərəbistanından olan sadalanan xarici şirkətlər deyil, həm də imzalanmış müqavilələr çərçivəsində bu şirkətlərə kreditlər verən beynəlxalq maliyyə qurumları bizim qanunvericiliyimizi onlar üçün məqbul olduğunu hesab edir. Bu isə Azərbaycan iqtisadiyyatında bərpa olunan enerji sektorunun inkişafına xarici investorların cəlb edilməsi baxımından milli qanunvericiliyin çevik və səmərəli olduğunu göstərir. Demək, bu baxımdan ötən 4 il bu genişmiqyaslı işlər üçün hətta qısa müddətdir. Əlbəttə ki, bundan sonra hər dəfə bərpa olunan enerji sahəsində müvafiq müqavilənin işlənib hazırlanmasına və imzalanmasına artıq 4 il sərf etməyəcəyik. Belə ki, təkcə müqavilə bağladığımız şirkətlər deyil, digərləri də anlayır ki, Azərbaycanda bərpa olunan enerji sahəsində müqavilələrin hazırlanması məsələsində lazımi təcrübəmiz var və qanunvericilik bazamız buna tam hazırdır. Bundan başqa, investorları “Masdar”, “ACWA Power”, xüsusilə də azad edilmiş ərazilərdə elektrik stansiyası inşa edəcək BP kimi nəhəng şirkətlərin Azərbaycanda bərpa olunan enerjinin inkişafına sərmayə yatırması arxayınlaşdırır. Buna görə də xarici investorların marağı artır. Xüsusilə, Avstraliyanın “Fortescue Future Industries” şirkəti də ölkəmizdə bərpa olunan enerji layihələri ilə maraqlanıb və müvafiq çərçivə sazişi imzalayıb.
Fikrimcə, xarici investorların maliyyə vəsaitlərini Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına yatırmaqda əsas marağı zəngin günəş və külək enerjisi ilə deyil (axı, Yer kürəsində külək və günəş enerjisi ilə az zəngin olmayan bir çox başqa ölkələr də var), müqavilə şərtlərinin sabitliyi və aydın olması, şəffaflıq, maliyyə cəlbediciliyi, ölkəmizin nəqliyyat və logistika potensialı, geostrateji və coğrafi mövqeyi ilə bağlıdır. Odur ki, bütün bunlar Azərbaycanı iqtisadiyyata investisiya qoyuluşu baxımından, çox cəlbedici dövlətə çevirir. Buraya həm də uzun müddətdir ki, bizə zəngin enerji resursları mənbəyi kimi xidmət edən “qoca” Xəzər də aiddir: ilk öncə neft, sonra təbii qaz, indisə ofşorda külək enerjisi ilə. Bir sözlə, tezliklə bərpa olunan enerji sahəsində danışıqlar, müqavilələrin bağlanması, həmçinin həyata keçirilməsi ilə bağlı icra tempi xeyli artacaq.
Rəylər (0):