Cavid Abdullayev: "Yaşıl enerjinin ixracı istiqamətində ciddi şəkildə addımlar atırıq"

image

Azərbaycanın çox böyük yaşıl enerji potensialı var. Ölkəmizdə ümumi yaşıl enerji potensialı 200 qiqavatdır. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 30 qiqavata, Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda isə enerji potensialı 10 qiqavata yaxındır.

"Renewables.az" xəbər verir ki, bu sözləri Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev “Yaşıl hidrogen – dekarbonizasiyaya gedən yol” adlı seminarda deyib.

O bildirib ki, hazırda respublika ərazisində bir sıra yaşıl enerji layihələrinə dair anlaşmalar intensiv şəkildə davam etdirilir: “İmzaladığımız icra müqavilələri 25 qiqavat gücündə yaşıl enerjinin istehsalını nəzərdə tutur. Bu gün Azərbaycanın enerji sisteminin qoyuluş gücü 8 qiqavatı keçmir. Bu qədər böyük yaşıl enerjinin istehsalı təbii ki, onun sonradan istifadəsi ilə bağlı müəyyən məsələləri həll etməyi nəzərdə tutur. Biz hazırda hidrogenin istehsalına yaşıl enerjinin yönəldilməsi, eyni zamanda, yaşıl elektrik enerjisinin ixracı istiqamətində ciddi şəkildə addımlar atırıq.

Enerji ixracı ilə bağlı ötən ilin sonunda 4 ölkə - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış müqavilə üzrə artıq çox perspektiv iş aparılır. Artıq müqavilədə nəzərdə tutulmuş mexanizmlərin işlək vəziyyəti təmin olunub. Belə ki, biz rəhbər komitənin ilk iclasını Bakıda təşkil etdik və artıq İşçi qrup da formalaşdırılıb. Biz sürətlə bu layihə istiqamətində irəliləyəcəyik”.

Cavid Abdullayev işğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edildiyini xatırladıb: “Sevindirici haldır ki, biz həmin ərazilərlə bağlı hazırlanan konsept çərçivəsində Yaponiyanın TEPSCO şirkətini dəvət etdik. Bu şirkətlə birlikdə həmin konsepsiya ərsəyə gəldi və tədbirlər planı şəklini aldı. Həmin tədbirlər planı Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramının tərkibinə daxil oldu. Bu sənəd ölkənin 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissələrindən biridir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *