Cennifer Morqan: “Bərpa olunan enerji mənbələrinin inkişafı ölkələr üçün yeni iqtisadi imkanlar gətirə bilər”

image

“Argentina, ABŞ, Azərbaycan və s. ölkələrdə bərpa olunan enerjinin inkişafı gələcək üçün iqtisadi baxımdan sərfəlidir”.

Renewables.az-ın yerli mediaya istinadən xəbərinə görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.

“Bu, ölkələrə yeni iqtisadi imkanlar, yeni iş yerləri və firavanlıq gətirə bilər”, - o bildirib.

C.Morqanın sözlərinə görə, sıfır emissiya hədəfi hələ də qüvvədə qalır. O vurğulayıb ki, Avropa hazırda Yaşıl Sövdələşmə (qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçməklə sıfır istixana qazı emissiyalarına və sıfır çirklənməyə nail olmaq planı) üzrə irəliləyir.

“Eyni zamanda, COP-a sədrlik düzgün istiqamətdə birgə hərəkət etmək üçün ölkələrlə yanaşı, beynəlxalq maliyyə təşkilatlarını da dialoqa cəlb etməlidir. İqtisadi sistemlərin transformasiyasına nail olmaq üçün biz maliyyə sistemini qalıq yanacaqlara investisiyalardan və qeyri-davamlı torpaq istifadəsindən bərpa olunan enerjiyə, enerji səmərəliliyinə, torpaqdan daha yaxşı istifadəyə, sənayenin karbondan təmizlənməsinə yönəltməliyik. “Yeni Ümumi Kəmiyyət Məqsədi” (New Collective Quantified Goal) bunun üçün çox vacibdir”, - dövlət katibi vurğulayıb.

"Eyni zamanda, maraqlı məqam odur ki, Azərbaycan bir zamanlar ilk dəfə iri həcmdə neft istehsal edən ölkədən indi isə qalıq yanacaqdan uzaqlaşmaq üzərində işləyən bir ölkəyə çevrilir və bərpa olunan enerji istiqamətində sürətlə irəliləyir. Belə halda COP29-un keçirilməsi üçün Azərbaycan yaxşı ölkədir. Biz həmçinin Azərbaycan hökumətindən enerji keçidinə marağı görürük. Almaniya özü də bu istiqamətdə fəal işləyən ölkədir. Biz hazırda elektrik enerjisinin 50 faizini bərpaolunan enerjidən alırıq və addım-addım qalıq enerjidən uzaqlaşırıq" o qeyd edib.

Xanım Morqan bildirib ki, COP29 maliyyə ilə bağlı olacaq, bu, Bakıda keçiriləcək COP konfransının əsas mövzusu olacaq. "Biz iqtisadiyyatımızda keçidi həyata keçirmək, iqlim dəyişikliyinə adaptasiya olmaq üçün maliyyə sistemimizi də dəyişməliyik. Qalıq yanacağın maliyyələşdirilməsindən bərpa olunan enerji sahəsini maliyyələşdirməyə keçid etməliyik. Torpaqlardan dayanıqlı istifadə, sənayenin dekarbonizasiyası və s.üzərində işləməliyik. Yəni, bu il konfrans çərçivəsində maliyyə sektorunda dəyişikliklərlə bağlı geniş müzakirələr olacaq".

“Beləliklə, hesab edirəm ki, 1,5 dərəcə Selsi hədəfinə doğru bu trayektoriya yaxşı yoldur, Azərbaycan COP28-də əldə edilmiş tərəqqini daha da genişləndirmək üçün BƏƏ ilə işləyə və hər bir ölkənin milli olaraq müəyyən edilmiş töhfə səviyyəsi üçün hədəflər müəyyən etmək məqsədilə Braziliyada keçiriləcək COP30 üçün zəmin yarada bilər”, - C.Morqan bildirib.

Dövlət katibi vurğulayıb ki, martda Almaniyada Berlin Enerji Keçid Dialoqu baş tutacaq. Onun sözlərinə görə, bu görüş COP28 qərarlarının icrasına həsr olunacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *