Çexiya Azərbaycanda yaşıl enerji sahəsində bir sıra layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir

image

Çexiya yaxın gələcəkdə Azərbaycanda bir sıra "yaşıl" enerji istiqamətində layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Trend-ə Çex Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasının dərcindən sonra su idarəçiliyi, "yaşıl" enerji və enerji səmərəliliyinə yönəlmiş bir sıra ikitərəfli layihələr nəzərdən keçirilir", - deyə XİN-dən bildirilib.

Qeyd edilib ki, Çexiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji zonasının yaradılması ilə bağlı dörd illik fəaliyyət planını alqışlayır.

"Qarabağda bərpa olunan enerji mənbələrinin potensialı böyükdür. Bu dağlıq regionların hidroenergetika potensialı çex şirkətlərini maraqlandırır. Şirkətlərimiz bərpa prosesində iştirakda son dərəcə maraqlıdır və biz hazırda layihələr üzrə konkret təkliflər gözləyirik", - deyə Nazirlikdən bildirilib.

Çexiya bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsini Azərbaycanla əməkdaşlıq üçün perspektivli sahə hesab edir. 2018-ci ildə Şamaxı rayonunun Qaravəlli kənd məktəbində çex şirkətləri tərəfindən başa çatdırılan pilot layihə enerji resurslarından səmərəli istifadə haqqında maarifləndirmə məqsədi daşıyırdı.

"Azərbaycan hökuməti bunu sərfəli və məqsədəuyğun hesab edərsə, biz layihəni davam etdirməyə hazırıq. 2021-ci ildə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində saziş imzalandıqdan sonra biz bu sahədə ikitərəfli əməkdaşlığın aktivləşdirilməsinə ümid edirik. 2023-cü ilin əvvəlində biz həmçinin iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın beşinci iclasını keçirməyi planlaşdırırıq", - deyə XİN-dən əlavə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *