Çexiya və Azərbaycan kiçik SES-lərin tikintisində əməkdaşlıq edə bilər

image

Çexiya və Azərbaycan kiçik su elektrik stansiyalarının (SES) tikintisində əməkdaşlıq edə bilər.

Renewables.az xəbər verir ki, bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindəki mənbədən bildiriblər.

"Çex Respublikası və Azərbaycan arasında əməkdaşlığa fokuslanmaq üçün bir sıra mühüm tədbir və mexanizmlər öyrənilir. Energetika sahəsində Çexiya-Azərbaycan sazişinin imzalanması gələcək əməkdaşlığın əsasını qoyub. Birgə işçi qrupun mart ayında keçirilən ilk iclası bu əməkdaşlığın gələcək inkişafı üçün uyğun platforma olacaq. Birgə seminarlar, konfrans və forumlar enerji sektorunda biznes strukturları arasında əlaqələrin qurulmasına imkan yaratmaqla, təlim və inkişaf proqramları üçün imkanlar yaradır", - deyə nazirlikdən qeyd edilib.

Mənbənin sözlərinə görə, Çexiya bərpa olunan enerji, o cümlədən, bioenergetika və tullantıların utilizasiyası sahəsində öz təcrübə və texnologiyalarını bölüşməyə hazırdır.

"Əməkdaşlıq kiçik SES-lərin inşasını və Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramına dəstəyi özündə əks etdirir. Hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı və istifadəsi sahəsində perspektiv əməkdaşlıq, eləcə də, hidrogen strategiyalarının hazırlanmasında təcrübə mübadiləsi əməkdaşlığımız üçün əlavə imkanlar yaradır. Bu ilin iyun ayında Bakı Enerji Həftəsində bizə bununla bağlı yardım edə biləcək əsas tədbirləri müzakirə etmək imkanımız olacaq", - deyə o qeyd edib.

Mənbə qeyd edib ki, Çexiya və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq müsbət inkişaf edir və hər iki tərəf BEM və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə fokuslanıblar.

"Onların enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsində və enerji sektorunda yeni layihələrin hazırlanmasında ümumi marağı enerji təhlükəsizliyi və dayanıqlı inkişaf üçün bu ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır. Çex Respublikasının Azərbaycandan neft və qaz idxalını dəstəkləməsi tədarük marşrutları və mənbələrinin şaxələndirilməsi üzrə strateji səyləri əks etdirir. Bundan başqa, hər iki tərəf innovasiya və texnoloji tərəqqidə, o cümlədən, hidrogen və ekoloji cəhətdən təmiz ammonyak kimi sahələrdə əməkdaşlıqda maraqlıdır", - deyə mənbə bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *