Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin təsbit edildiyi gündən etibarən onların ümumdünya səviyyəsində təşviqi və icrasının şövqlü tərəfdarı olmuşdur.
Renewables.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda yer alıb.
Nazir qeyd edib: "Biz dayanıqlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə fokuslanaraq iqtisadiyyatımızın yenidən qurulmasında transformasiya xarakterli dəyişiklikləri davam etdiririk.
Təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrilib. Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 %-ə endirməyi və Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb.
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının proqnozlaşdırılan artımı, Azərbaycanın tərəfdaş ölkələrlə birgə həyata keçirdiyi Qara dəniz sualtı elektrik kabelinin çəkilməsi üzrə mühüm transregional layihə sayəsində Azərbaycanın Avropa ölkələrinə ekoloji təmiz elektrik enerjisi ixracatçısı olmasına imkan verəcək".
Rəylər (0):