"COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda tədbir keçirilib

image

Oktyabrın 6-da Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin təşkilati dəstəyi ilə “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbir keçirilib.

"Berpaolunanenerji.az" xəbər verir ki, tədbirdə dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələləri, Azərbaycanda pandemiyadan sonrakı dövrdə inkişaf prioritetlərinin icrası üçün yeni çağırışlar, “yaşıl” mənbələr hesabına iqtisadiyyatın dayanıqlılığını və keyfiyyətini təmin edən mühitin təşviqi imkanları, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması yolları müzakirə edilib.

İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov dayanıqlı inkişaf məqsədlərinə nail olunması və “yaşıl iqtisadiyyat”a keçid istiqamətlərində ölkəmizdə ötən dövrdə həyata keçirilən tədbirlər, onların maliyyələşdirilməsi, pandemiya dövründə iqtisadi sabitliyin, makroiqtisadi dayanıqlılığın və iş yerlərinin qorunması məqsədilə tətbiq edilən dəstək mexanizmləri barədə məlumat verib. 

Nazir Azərbaycanın DİM-lər üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsinin dövlət siyasətinin tərkib hissələrindən olduğunu, icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, yerli və beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq qurulduğunu bildirib, ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını vurğulayıb. Azərbaycan regionda ilk ölkə olaraq DİM-in icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 Könüllü Milli Hesabat təqdim edib. Cari ilin mart ayında BMT-Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin imzalandığı diqqətə çatdırılıb.

DİM-lərin maliyyələşdirilməsi məsələsinə toxunan nazir BMT ilə növbəti 5 illik dövrdə həyata keçiriləcək tədbirlərin və “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının bu sahədə yol xəritəsi olduğunu qeyd edib. Pandemiyadan sonrakı dövrdə inkişaf etməkdə olan ölkələrdə maliyyə çatışmazlığı müşahidə olunur. Maliyyələşməyə tələbat artır. Bu baxımdan qarşımızda maliyyə mənbələrindən və vəsaitlərdən səmərəli istifadə ilə bağlı çağırışlar durur. Qeyd edilib ki, mövcud potensialın daha da gücləndirilməsi üçün beynəlxalq investorların, donor təşkilatlarının, böyük resurslara malik özəl və dövlət şirkətlərinin prosesə qoşulması və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi önəmlidir. Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin bərpası, iş yerlərinin yaradılması istiqamətində tədbirlərin maliyyəşləşdirilməsinə də ehtiyac var. Bu ərazilərdə “ağllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, “yaşıl enerji zonası” layihələri həyata keçiriləcək. Hazırda Zəngilan rayonunda bu proses davam etdirilir və “ağıllı kənd” konsepsiyasının digər bölgələrdə də tətbiqi nəzərdə tutulur.

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsi Alessandro Frakassetti çıxış edərək, Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı arasında uğurlu əməkdaşlıq nəticəsində həyata keçirilmiş layihələrin dayanıqlı inkişafa nail olunması istiqamətində mühüm addım olduğunu və bu əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə əminliyini bildirib. A.Frakassetti qeyd edib ki, dayanıqlı yatırımlar məqsədilə “yaşıl artım”ın və Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi istiqamətində hazırda Azərbaycanda sistemli dəyişikliklər etmək üçün unikal bir fürsət var. BMT-nin rezident əlaqələndiricisi bu baxımdan vahid maliyyələşdirmə çərçivəsinin mühüm alət ola biləcəyini qeyd edib. DİM-in maliyyələşməsində dövlət, özəl və beynəlxalq təşkilatların əməkdaşlığının vacibliyini, bu çərçivədə hökumətlə yanaşı, beynəlxalq təşkilatların və maliyyə institutlarının da iştirak etdiyini qeyd edib. “Yaşıl sərmayalər”in iqlim dəyişikliyinə töhfə verəcəyini vurğulayan Alessandro Frakassetti hazırda “yaşıl mənbələr”dən istifadə etməklə iqtisadiyyatın inkişafının və dayanıqlığının təmin edilməsinin qlobal xarakter aldığını və bu mexanizmin qarşıdakı dövrdə mühüm rol oynacağını bildirib.

Tədbir panel sessiya ilə öz işini davam etdirib. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən panel sessiyada energetika nazirinin müavini Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, BMTİP-in Azərbaycanda rezident nümayəndəsinin müavini Çaru Bist, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *