Deputat: Azərbaycan “yaşıl enerji”yə doğru nəhəng layihələr reallaşdırır

image

Bu gün alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi günü-gündən güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bir neçə gün bundan qabaq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.

Tədbirdə Prezident İlham Əliyev çıxış edərək bildirdi ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək: “Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpa olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik”.

Rəşad Mahmudov xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Qısa bir müddətdə həmin ərazilərdə ermənilər tərəfindən yararsız hala salınmış su elektrik stansiyaları bərpa olunur.

Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var. Bir sözlə, “yaşıl enerji”nin ümumi enerji sektorunda payının artırılması istiqamətində atılan addımlar qlobal çağırışlara mühüm töhfədir.

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasını Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində olduqca əhəmiyyətli hadisə hesab etmək olar. Bu stansiyanın ərsəyə gətirilməsi onu göstərir ki, bərpa olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti böyük önəm verir. İnşa olunacaq stansiya ölkəmizdə bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır. Bu istiqamətdə Azərbaycana 10 milyardlarla dollar həcmində sərmayə qoyulub. Hazırda sərmayə qoyuluşu davam edir. Dünyada maliyyə böhranının olması, eləcə də pandemiyanın mövcudluğu və bununla bağlı iqtisadi fəallığın azalması mənfi amillər sırasındadır. Bütün bunlara baxmayaraq, dost ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verdi. İnşa olunacaq stansiyanın investoru bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətidir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında sıx dostluq münasibətləri mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılıb. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. O cümlədən işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstək birmənalı danılmazdır. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, torpaqlarımızın işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmayıb. Bu da Azərbaycan dövlətinə, xalqına göstərilmiş mənəvi dəstək və qardaşlığın əlamətidir. Həmçinin iqtisadi sahədə ölkələrimiz arasındakı əməkdaşlığın çox böyük perspektivləri var. Bundan əlavə, qeyd edim ki, sözügedən layihə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə bir töhfədir. Layihə ölkə iqtisadiyyatına yatırılan 300 milyon dollar xarici investisiya deməkdir. Həmçinin bu, 220 milyon kubmetr qaza qənaət və atmosferə atılacaq 400 min ton karbon qazını azaldacaq”, - deyə R.Mahmudov bildirib.

Deputat sonda qeyd edib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerjisi ilə 300 min ev təmin olunacaq. Elektrik enerjisinin generasiya gücünün artması gələcəkdə ixrac xətlərimizin genişləndirilməsini gündəmə gətirəcək. İşğaldan azad olunmuş ərazilərdə də bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində geniş işlər görülür.

Xəzər dənizində bərpa olunan enerji stansiyalarının inşası istiqamətində işlərin aparıldığını nəzərə alsaq, Azərbaycan regionda elektrik enerjisinin ixracında böyük ixracatçıya çevriləcək. Bu da təbii olaraq Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə və dinamik inkişafına öz töhfəsini verəcək. Əlavə olaraq, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər ölkəmizdə, xüsusilə energetika sahəsində aparılan islahatlar, münbit investisiya iqlimi, uğurlu inkişaf, əmin-amanlıq və təhlükəsizlik baxımından investor üçün mühüm rola malikdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *