Dövlət Energetika Xidmətində ötən ilin yekunları müzakirə edilib

image

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Renewables.az Nuhçıxan-a istinadən xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev qeyd edib ki, 2023-cü ildə muxtar respublikanın elektrik şəbəkələrinə 507 milyon 283 min 561 kilovat-saat elektrik enerjisi daxil olub.

N. Paşayev bildirib ki, 2023-cü il ərzində muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu enerjinin 19,89 faizi su elektrik stansiyalarından, 67,36 faizi istilik elektrik stansiyalarından, 12,75 faizi günəş elektrik stansiyasından əldə olunub: “Bunun 32 milyon 714 min kilovat-saatı İrandan alınıb, 46 milyon 411 min 416 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 26 milyon 560 min 700 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 19 milyon 120 min 300 kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 327 min 400 kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 1 milyon 970 min 900 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 318 milyon 254 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 1 milyon 408 min 137 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 60 milyon 516 min 708 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Ötən il İrana 33 milyon 341 min kilovat-saat elektrik enerjisi verilib”.

Vurğulanıb ki, yeni elektrik stansiyalarının tikintisi və layihələndirilməsi çərçivəsində Şərur rayonunda gücü 8 meqavat olan Günəş Elektrik Stansiyasının ərazisində yeni 3 meqavat gücündə daha bir stansiya istismara verilib, bununla da stansiyanın gücü 11 meqavata, muxtar respublikadakı günəş elektrik stansiyalarının ümumi gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kilovat-saata çatdırılıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası və ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində davam etdirilən və görüləcək işləri diqqətə çatdıran Namiq Paşayev bildirib ki, 2023-cü ildə Naxçıvanda Bakı Enerji Forumu, eyni zamanda Azərbaycan–Türkiyə III Enerji Forumu keçirilib və Naxçıvanın yaşıl enerji potensialı müzakirə edilib, dövlət proqramında nəzərdə tutulduğu kimi dövlət-özəl tərəfdaşlığı ilə yeni elektrik stansiyalarının tikilməsi, yaşıl enerji konsepsiyasının tətbiqi, istehsal olunacaq enerjinin ixracı və bu kimi istiqamətlər üzrə həmin proqramda prioritetlər müəyyənləşdirilib, müxtəlif məsləhətçi şirkətlərlə Naxçıvanda 1000 meqavat və üstü 1500 meqavatadək “Yaşıl enerji” layihələrinin, Günəş, külək enerji potensialının tətbiqi, alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisi, eyni zamanda istehsal olunan elektrik enerjisinin ixracı ilə bağlı müvafiq anlaşma memorandumu imzalanıb.

Diqqətə çatdırılıb ki, “Ordubad” və “Tivi” Su Elektrik Stansiyalarında tikinti-quraşdırma işlərinin davam etdirilir. Bir sıra yarımstansiyalarda cari təmir işləri aparılıb, sistem əhəmiyyətli yeni qurulan “Culfa” yarımstansiyasında tikinti-quraşdırma və sınaq-sazlama işləri davam etdirilir.

Qeyd edilib ki, “yaşıl enerji” istehsalının artması, xarici ölkələrə birbaşa elektrik enerjisi ixracının həyata keçirilməsi, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət və monitorinqlərin aparılması üçün SCADA mərkəzinin yaradılması və digər layihələrin icrası nəzərdə tutulur.

İclasda digər çıxış edənlər sahələr üzrə görülən işləri diqqətə çatdırıb, qarşıda duran vəzifələrdən danışıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *