Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2022-ci il tarixli 459s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun ilk iclası keçirilib.
Bu barədə "Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir.
İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Tədbirlər Planının əsas müddəaları barədə təqdimat dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.
İşçi Qrupun fəaliyyətinin təşkilinə dair fikir mübadiləsinin nəticəsi olaraq Katiblik funksiyasının yerinə yetirilməsi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə həvalə edilib. Müzakirə edilən digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, İşçi Qrupunun tərkibinə İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti daxildir.
Rəylər (0):