Bu gün biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə "Berpaolunanenerji.az"a Energetika Nazirliyindən bildirilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə uyğun olaraq, İşçi qrupun ötən iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlarla bağlı sahibkarlar arasında cari ilin I, II və III rübləri üzrə keçirilmiş sorğuların nəticələrinin təhlil edildiyi bildirilib. 2022-ci ildə keçiriləcək sorğu zamanı sahibkarlara ünvanlanması nəzərdə tutulan suallara dair təkliflər müzakirə edilib.
İclasda Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyasının layihəsi üzrə müzakirələr aparılıb. Səsləndirilmiş təkliflər nəzərə alınmaqla layihənin qısa zamanda təkmilləşdirilərək yenidən İşçi qrup üzvlərinə göndərilməsi məsləhətçi şirkətə tapşırılıb. Eyni zamanda, Kommunikasiya Strategiyası qəbul edildikdən sonra geniş ictimaiyyətə təqdim olunmasının zəruriliyi qeyd edilib. İşçi Qrupu tərəfindən ötən iclasda alınmış qərara əsasən elektrik təchizatı şəbəkəsinə onlayn qaydada qoşulma ilə bağlı müraciətlər üzrə 11 aylıq statistik məlumatların dekabr ayının ilk on günlüyündə ictimaiyyətlə paylaşılmasının təmin ediləcəyi bildirilib.
Daha sonra İşçi Qrupun 2021-ci il üzrə Fəaliyyət Planının icrasına dair aparılmış monitorinqin nəticələri dinlənilib, əvvəlki fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla hazırlanmış 2022-ci il üzrə Fəaliyyət Planının son layihəsinə dair müzakirələr aparılıb.
İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Deloitte” və “Ekvita” şirkətlərinin nümayəndələri iştirak edib.
Rəylər (0):