Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə 2023-cü ilin 1-ci yarısında müvafiq sahələrdə görülmüş işlər və növbəti yarımildə həyata keçiriləcək tədbirlərin müzakirəsinə dair növbəti kollegiya iclası keçirilib.
Renewables.az Nazirliyə istinadla xəbər verir ki, kollegiyanın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi enerji kursuna uyğun olaraq görülən işləri və bu sahədə qarşıda duran vəzifələri qeyd edib.
Sonra iclasın gündəliyinə uyğun olaraq müvafiq məsələlər üzrə nazirliyin aidiyyəti struktur bölmələrinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin çıxışları dinlənilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Energetika Nazirliyinin icraçısı olduğu tədbirlərin icra vəziyyəti barədə hesabatlar dinlənilib, işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupunun fəaliyyəti, işğaldan azad olunmuş ərazilərin elektrik və istilik enerjisi infrastrukturunun bərpası, kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, günəş panellərinin quraşdırılması, bu sahəyə özəl investisiyaların cəlb edilməsi, küçə və yolların işıqlandırılması, elektromobillər üçün enerji doldurma qurğularının quraşdırılması, yaşıl texnologiyaların tətbiqi ilə bağlı istehsal və xidmət sahələrinin yaradılması və digər istiqamətlərdə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. Həmin ərazilərdə artıq monitorinqlərə başlanıldığı qeyd olunub, bununla bağlı təsdiq edilmiş icra qrafiki, monitorinq cədvəli və ilk monitorinqin nəticələri kollegiya üzvlərinə təqdim edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” zonasının yaradılması istiqamətində görülən işlər, qarşıya qoyulmuş hədəflər barədə məruzələr dinlənilib. "Naxcıvan Muxtar Respublikasinın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı üzrə Energetika Nazirliyinin icraçısı olduğu bəndlər, həmçinin xarici investorların Naxçıvanın bərpa olunan enerji potensialına marağı, onların Muxtar Respublikaya səfərləri barədə məlumat verilib.
Energetika Nazirliyi tərəfindən verilən icazələrin elektronlaşdırılması və icazələrin məlumat bazasının rəqəmsallaşdırılmasına dair görülən işlər barədə təqdimat edilib. Verilmiş icazələrin statistikası və xidmətlərin elektronlaşdırılmasının üstün cəhətləri barədə məlumat verilib, ilin sonunadək elektronlaşdırma prosesinin yekunlaşdırılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Sonda kollegiya sədri müzakirə edilmiş məsələlər üzrə növbəti yarımildə atılacaq addımlar və qarşıda duran vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.
Rəylər (0):