Ərəb ölkələrinin kütləvi informasiya vasitələrində Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı barədə məqalə dərc olunub.
"Berpaolunanenerji.az"ın məlumatına görə, İordaniyanın “Nayruz” agentliyi, Əlcəzairin “Cəzirinfo”, Livanın “TR agency”, Fələstinin “Əl-Bayader”, Sudanın “Mirsadenergy” portallarında yayımlanan məqalədə ölkəmizin bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən biri olduğu diqqətə çatdırılıb. Yazının müəllifi şərqşünas Həşim Məmmədov qeyd edib ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26940 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadədir. Bu istiqamətdə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsidir. Ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurğulanıb.
Yazıda Qarabağ və ətraf regionlarda bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanıldığı, işğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dan yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edildiyi diqqətə çatdırılıb.
Sözügedən sahədə ərəb ölkələri ilə əməkdaşlıqdan bəhs edən müəllif məlumat verib ki, 2020-ci il yanvarın 9-da Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Həmin il dekabrın 30-da isə Energetika Nazirliyi, “Azərenerji” ASC və “ACWA Power” şirkətinin iştirakı ilə icrası nəzərdə tutulan 240 MVt külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İcra müqaviləsinə uyğun olaraq, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilə layihələrinin müzakirəsi davam etdirilir və ən yaxın vaxtlarda bu müqavilələrin imzalanması nəzərdə tutulub.
Rəylər (0):