Fortescue Future Industries Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək

image

Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək.

"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə FFI-dan bildiriblər.

"Azərbaycan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq və Avropaya yaşıl enerji nəql etmək niyyətindədir. FFI bərpa olunan enerji mənbələri və ekoloji təmiz hidrogen istehsalı ilə əlaqədar potensial layihələrin reallaşdırılması üçün ən uyğun yeri müəyyənləşdirmək üçün qarşıdakı müddətdə hökumətlə sıx əməkdaşlıq edəcək", - şirkətdən bildiriblər.

Şirkətin bildirdiyinə görə, Azərbaycanın mövcud boru kəmərləri ilə Avropaya yaşıl enerjinin nəqli üçün ideal coğrafi mövqeyi və birləşdirici kabelləri var və hazırda bunlar ölkə ilə Avropa İttifaqı (Aİ) arasında müzakirə olunmaqdadır.

"FFI həm Avropaya yaşıl enerjinin nəqli yolları, həm də Azərbaycanda dekarbonizasiya üçün yaşıl enerjinin istifadəsində maraqlıdır", - şirkətdən bildiriblər.

Xatırladaq ki, 2022-ci ilin sonunda "Fortescue Future Industries" və Azərbaycanın Energetika Nazirliyi arasında ölkədə 12 min meqavat gücündə külək və günəş enerjisi istehsalı üzrə layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb.

Bundan başqa, FFI tərəfindən artıq Azərbaycanda yaşıl hidrogenin istehsalı və nəqli üzrə layihənin planını hazırlanıb və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə bərpa olunan enerji mənbələri üzrə komissiyanın ikinci iclasında təqdim olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *