Fransa Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməkdə maraqlıdır

image

Fransanın “Qair Group” şirkəti Azərbaycanda, eləcə də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirak etməkdə maraqlıdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Trend-ə müsahibəsində şirkətin baş əməliyyat direktoru Şarl Lermitt deyib.

O, xüsusən, sahilyanı külək elektrik stansiyaları və fotoelektrik stansiyalarını qeyd edib.

“Biz iki il əvvəl Azərbaycanda layihə üzrə tenderdə iştirak etmişik. Azərbaycanın bərpa olunan enerjinin inkişafında nəhəng potensialını nəzərə alaraq biz burada işləməkdə maraqlıyıq. Azərbaycan bu cür layihələr üçün dünyada ən yaxşı yerlərdən biridir”, - Ş.Lermitt deyib.

O qeyd edib ki, dünyada neft və qaz qiymətləri artmaqda olduğuna görə, Azərbaycan üçün bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal etmək və eyni zamanda qazıntı yanacaq növlərini əlverişli qiymətə ixrac etmək yaxşı qərar ola bilər.

“Bakının küləklər şəhəri olduğunu nəzərə alsaq, şəhər aşağı qiymətlə iri elektrik enerjisi istehsalı məkanına çevrilə bilər”, - deyə o bildirib.

Ş.Lermittin sözlərinə görə, “Qair Group” Azərbaycan Energetika Nazirliyinin ərazilərində bərpa olunan enerji sahəsində layihələr üzrə hərraclarında iştirak etməyi planlaşdırır.

 

“Bu məsələ Bakıda Energetika Nazirliyində keçirilmiş görüşdə müzakirə olunub. Biz bu hərracda iştirakımız məsələsini müzakirə etdik və azad edilmiş ərazilərdə layihələrdə iştirak etmək marağımızı bildirdik”, - Ş.Lermitt əlavə edib.

Rusiyaya tətbiq olunan sanksiyaları şərh edən Ş.Lermitt qeyd edib ki, bu cür vəziyyət bərpa olunan enerji mənbələri bazarına təsir edir.

“Bunun nəticəsində yaranmış böhran neft-qaz ehtiyatlarının bahalaşmasına gətirib çıxarıb və bütün bunların fonunda daha çox ölkə alternative enerji mənbələrinə müraciət edir. 1973-cü il enerji böhranında olduğu kimi, bu qəribə vəziyyət də bərpa olunan enerji üçün yeni imkanlar açacaq. Məqsəd əhalini ucuz elektriklə təmin etməkdir və neft-qaz qiymətləri yüksək olduqda, digər həll yolu tapmaq lazım olur”, - o deyib.

Ş.Lermitt əlavə edib ki, Avropadakı enerji böhranı alternativ enerji layihələrinə tələbin artmasına yol açıb.

Qeyd edək ki, Fransanın “Qair Group” şirkəti yalnız bərpa olunan enerji mənbələrindən 650 meqavatt səviyyəsində generasiya gücündən istifadə edən müstəqil elektrik enerjisi istehsalçısıdır. Hazırda şirkət 18 ölkədə layihələrlə məşğuldur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *