Gələn aylarda "ACWA Power" və "Masdar"la külək və günəş pilot layihələrinin təməli qoyulacaq

image

Azərbaycan energetika nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında əldə olunmuş razılığa əsasən, gələn aylar ərzində bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı görüləcək işlərin təməli qoyulacaq.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda təşkil olunan tədbirdə çıxış edərkən deyib.

Nazir müavininin fikrincə, bərpaolunan enerjinin qiymətləri sürətlə düşsə də, hələ də ənənəvi sahələrdən alınan enerji ilə tam bazar şərtlərində rəqabət etmək üçün müəyyən çətinliklərə malikdir.

"Azərbaycandakı qiymətlərin aşağı olması bir mənada bazar şərtlərinin tətbiqini çətinləşdirir, amma buna baxmayaraq, dövlətin aktiv və yaradıcı şəkildə iştirakına biz mövcud tariflər çərçivəsində sözügedən şirkətlərlə müqavilələr imzalanıb və gələn aylar ərzində icra olunacaq işlərin təməli qoyulacaq", - deyə E. Soltanov qeyd edib.

O həmçinin əlavə edib ki, səmərəlilik iqtisadi cəhətdən dövlət üçün əhəmiyyətlidir və belə olduğu təqdirdə, daha aşağı qiymət təklifi əldə etmək olar.

"Yəni ərazi küləyin sürəti və davamlılığı nöqteyi-nəzərdən nə qədər səmərəlidirsə, bu, bizim üçün daha aşağı qiymət deməkdir və nəticə etibarilə Azərbaycanda sosial dövlət və rifah dövləti olmamız şərti ilə aşağı olan enerji daşıyıcılarının qiymətlərinin əsas olaraq xarici investorların gəlməsi üçün uyğun zəmin yaratmasına xidmət edir. Bu gün elektrik enerjisinin 1 kVt-saatının ortalama qiyməti Avropa üçün 0,2 avrodur, Azərbaycanda isə bu təqribən 0,05 avro ətrafındadır", - deyə nazir müavini əlavə edib.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan energetika nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb. Ötən ilin sonunda isə energetika nazirliyi və "Azərenerji" ASC ilə "ACWA Power" şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələr imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *