Həkəri - günəş və külək enerjisi ilə işləyən suvarma sistemi layihəsi

image

Həkəri layihəsinin əsas hədəf kütləsi müxtəlif ərazilərdə yaşayan fermerlərdir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bura xüsusilə ucqar ərazilərdə, məsələn dağlıq regionlarda məskunlaşmış və elektrik enerjisinə çıxışı olmayan fermerlər daxildir.

Təklif etdiyimiz suvarma sistemi tükənməz enerji mənbələrindən olan külək və günəş enerjisinin inteqrasiyası nəticəsində işlədiyi üçün, həmin fermerlər ilin istənilən fəslində əkin sahələrinin suvarmasını təmin edə bilər. Enerjinin iki fərqli mənbədən gəlməsi və əldə olunan enerjinin batareyalarda saxlanması, fermerlərə fasiləsiz və lazımi vaxtda suvarmanı həyata keçirməyə imkan verir.

Layihənin tətbiqi üçün ən ideal ərazilər yayı isti, digər fəsilləri küləkli olan regionlardır ki, bura səfalı Qarabağ ərazisindəki rayonları misal göstərmək olar. Elektrik enerjisindən başqa, su qıtlığı müşahidə olunan ərazilərdəki fermerlər də bu hibrid sistemdən istifadə edə bilərlər. Belə ki, əkin sahələri torpaqdakı rütubəti ölçə bilən sensorlarla təmin olunduğu üçün su nasosu ancaq ehtiyac olduğu halda işə düşür və suya qənaət edilmiş olur. Veb applikasiya vasitəsilə sistemin məsafədən idarə oluna bilməsi əkin sahələrindən uzaqda yaşayan fermerlərin işini dəfələrlə asanlaşdırır. Həmçinin, enerji əldə edərkən hava çirklənməsinin yüksək olduğu ölkələr və regionlar təmiz enerji mənbələrinə malik bu sistem vasitəsilə daha çox çirklənmənin qarşısını ala bilərlər.

Prototip olaraq sistem kiçik bir ərazinin- təxminən 2 m2 torpaq sahəsinin suvarma prosesinin avtomatikləşdirilməsi üçün nəzərdə tutulub. Daha böyük ərazilər üçün sistemdəki cihazların, xüsusilə günəş paneli, külək turbini və su nasosunun ölçüsü müvafiq olaraq böyüdülür və lazımi suvarma təmin olunur. Mövcud suvarma sistemlərinin yüksək qiymətlərini və onlarla əlaqəli çatışmazlıqların nəticəsi olan su və enerji itkisini nəzərə alaraq, kiçik maliyyətli bu sistem asanlıqla texnoloji kommersiya məhsuluna çevrilə bilər. Layihənin tətbiqində yeganə risk, fermerlərin sistemi idarə etmə bacarıqlarının zəif olması və hər hansı problem yarandıqda müdaxilə edə bilməmələri ola bilər. Lakin, bu riskin təsirlərini minimuma endirmək üçün sistemi tətbiq edəcək fermer istifadə qaydaları əks olunan kitabça və təlimatlandırma ilə təmin olunacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *